Noyabrın 2-də Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Əsir, Girov və İtkin düşmüş Şəxslərin İşi üzrə Dövlət Komissiyası və "Həsrət yolu" İctimai Birliyinin səyi ilə işıq üzü görən "Bizi əsirlikdən qurtarın" kitabının təqdimat mərasimi olacaq. İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanovun Trend ə bildirdiyinə görə, azərbaycan və ingilis dillərində olan kitab Əsir, Girov və İtkin düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyası ilə "Həsrət yolu" İctimai Birliyinin birgə tədqiqatlarının nəticəsidir.
Tərtibatçısı İctimai Birliyin rəhbəri Esmira Orucəliyevadır. Kitabda 700-dən artıq əsir və girovun adları, tərcümeyi-halları, əsir düşmə faktları və şahid ifadələri toplanıb. İnsan Hüquqları İnstitutunda hesab edilir ki, kitab Ermənistan-Azərbaycan münaqişəsilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımdır.
Təqdimat mərasimində Milli Məclisin deputatları, əsirlikdən qayıdanlar və hazırda əsirlikdə olanların yaxınları, həmçinin beynəlxalq təşkilatların, səfirliklər nümayəndələrinin iştirakı gözlənilir.