...

Polad Bülbüloğlu və Ermənistanın səfiri Dağlıq Qarabağa birgə səfər ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2007 18:41 (UTC +04:00)
Polad Bülbüloğlu və Ermənistanın səfiri Dağlıq Qarabağa birgə səfər ediblər

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan Qarabağa birgə səfər ediblər. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim məlumat verib.

Bu səfirlər əvvəllər mədəniyyət nazirləri olublar.

XİN nümayəndəsinin sözlərinə görə, Bülbüloğlu və Smbatyan səfirlər olsalar da, Qarabağa səfir statusunda səfər etməyiblər. Onlar səfərdə ziyalı kimi təmsil olunublar.

Xəzər İbrahimin sözlərinə görə, Polad Bülbüloğlu Dağlıq Qarabağda erməni mənşəli Azərbaycan vətəndaşları ilə görüş keçirib. Onun dediyinə görə, səfirlərin Qarabağa birgə səfərini təşkil etməkdə məqsəd Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra azərbaycanlı və erməni xalqlarının birgə yaşayışı, onlar arasında sülhün, qarşılıqlı etimadın bərqərar olması prosesinə yardım göstərməkdir.

"Səfirlər Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilərlə, həmçinin Arkadi Qukasyanla görüşüblər. Qarabağ münaqişəsi istənilən halda həll olunacaq. Səfərin məqsədi odur ki, münaqişənin həllindən sonrakı dövr ağrısız keçsin"-deyə XİN rəsmisi qeyd edib.

Bu gün Ermənistanın bəzi informasiya agentliklərinin yaydığı məlumatda bildirilir ki, "Arkadi Qukasyanla görüşdə səfirlərin təşəbbüsünün Dağlıq Qarabağ münaqişəsinin həllində sağlam və konstruktiv atmosfer yaradacağına ümid ifadə olunub. Görüş iştirakçıları ümid etdiklərini bildiriblər ki, ziyalılar arasında başlanan dialoq davamlı olacaq və gələcəkdə münaqişə tərəflərinin ictimaiyyətinin daha geniş təbəqələrini əhatə edəcək.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi fəaliyyət göstərir və onların lideri Arkadi Qukasyandır.

Xəbər lenti

Xəbər lenti