...

Ermənistana dəstək olan dövlətlərə qarşı kampaniyaya başlanması təklif edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın milli qüvvələri ABŞ, Rusiya, Fransa və İranın işğalçı Ermənistana dəstəyinin dayandırılması tələbi ilə geniş kampaniyaya başlamalıdır. Bu təkliflə Demokratiya Uğrunda İttifaq çıxış edib.

Demokratiya Uğrunda İttifaqda müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

İttifaq Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova müraciət ünvanlayıb.

Müraciətdə bir sıra təkliflər əksini tapıb. Qeyd olunub ki, Azərbaycana ərazi iddiaları olan dövlətlərin yüzillik proqramlar əsasında fəaliyyət göstərməsi Ərazi Problemləri İnstitutunun yaradılmasını və bu problemin elmi şəkildə öyrənilməsini, xüsusi proqramların hazırlanmasını zəruri edir.

Əlavə edilir ki, Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsinin müddətli həlli proqramını qəbul etməli, ATƏT vasitəçiliyinin də konkret müddəti müəyyənləşməlidir. Həmçinin Azərbaycanın milli qüvvələri ABŞ, İran, Rusiya, Fransanın Ermənistana dəstəyinin dayandırılması üçün müxtəlif şüarlarla aksiyalara başlamalıdır.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti