...

Rəsmi Bakı Rusiya tərəfindən Ermənistana silah satılmasını istisna etmir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Rəsmi Bakı Rusiya tərəfindən Ermənistana silah satılmasını istisna etmir. Bunu cümə günü Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Rusiyanın Ermənsitana mümkün silah tədarükü ilə bağlı məlumatı şərh edən Əzimov söyləyib ki, Ermənistan və Rusiyanın əməkdaşlığı hərbi alyans səviyyəsindədir. Bununla əlaqədar onlar müdafiə və hərbi inkişaf məsələlərini də bölüşürlər. O, Ermənistan və Rusiya arasında hər hansı birgə siyasət, xüsusilə silahlanma siyasətinin həyata keçirilməsinin mümkünlüyünü istisna etməyib.

Onun sözlərinə görə, əgər bu məlumat təsdiq olunarsa, Rusiya dərk etməlidir ki, bunun mənfi nəticələri ola bilər. Bu gün regionadakı vəziyyət münaqişə tərəflərinin beynəlxalq normalar çərçivəsində danışıqları davam etdirməsini tələb edir.

"Əgər Ermənistan silahlanırsa, Azərbaycan bunu diqqətsiz qoymayacaq", - deyə diplomat bildirib.

O xatırladıb ki, Azərbaycan diplomatiyasının səyləri ilə Ermənistana bir çox ölkələr tərəfindən silah satışının qarşısı alınıb. "Avropada Ermənistana silah satan elə bir dövlət yaxud müəssisə qalmayıb. Rusiya seçim etməlidir, ya münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənistanın silahlandırılması siyasətini dayandırmalıdır, ya da regionda yeni böhranın başlanmasına səbəb olmalıdır", - deyə Əzimov qeyd edib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsin altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti