...

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün antiterror əməliyyatının aparılması təklif edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün Dağlıq Qarabağda antiterror əməliyyatlarının başlanması təklif olunur. Bu təklif Demokratiya Uğrunda İttifaqın (DUİ) Qarabağ münaqişəsinin həlli yollarına dair hazırladığı sənəddə göstərilir.

Sənəd barədə Trend ə İttifaqın həmsədri Əhməd Oruc məlumat verib.

Demokratiya Uğrunda İttifaqda üç müxalifət partiyası - Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

DUİ siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə iki dəfə Qarabağ Forumu keçirib. Hər toplantıdan sonra İttifaqın İşçi qrupu tərəfindən təkliflər sənədi hazırlanaraq Prezident Aparatına, Milli Məclisə və ictimaiyyətə təqdim olunub.

Oruc bildirib ki, yaxın zamanlarda növbəti Qarabağ Forumu keçiriləcək. Buna görə də İşçi qrup yeni təkliflər sənədi üzərində işləyir. Onun sözlərinə görə, budəfəki sənəd əvvəlkilərdən təfsilatlı olması ilə fərqlənir. Ən əsası, yeni təkliflər sənədində göstərilir ki, Azərbaycan hökumətinə tabe olmayan qüvvələrin - işğal olunmuş ərazilərdəki erməni silahlılarının zərərsizləşdirilməsi üçün "Antiterror əməliyyatı" həyata keçirilsin. Həmçinin problemin həlli üçün konkret müddət göstərilsin.

"Bu əməliyyat müharibə kimi başa düşülməməlidir. Bir ölkə öz ərazisi daxilində müharibə apara bilməz. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün erməni terrorçularının zərərsizləşdirilməsini təklif edirik" - deyə Oruc bildirib.

Mövzu ilə bağlı şərh verən hərbi ekspert Ələkbər Məmmədov bildirib ki, Qarabağda antiterror əməliyyatlar aparılması mümkündür. O hesab edir ki, indiyədək beynəlxalq səviyyədə məhz bu cür siyasət aparılmalı idi: "Mən əvvəldən münaqişənin həlli prosesinə Ermənistanın cəlb olunmasının əleyhinə idim, çünki bu ölkə beynəlxalq səviyyədə özünə, separatçılara dəstək qazanmağa çalışıb. Qarabağdakı separatçıların guya "öz müqəddəratını təyin etməsi hüququndan istifadə etməsi" kimi təbliğatına imkan verməməli və vaxtında antiterror əməliyyatı aparılmalı idi. Amma gec də olsa, beynəlxalq hüquq normalarından istifadə edərək Azərbaycan dövlətçiliyinə tabe olmayan qanunsuz qruplaşmaların, terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat aparmaq lazımdır" - deyə hərbi ekspert bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Danışıqlarda ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti