Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Milli Məclisin İntizam Komissiyası tərəfindən ona verilən töhmətin ləğv olunmasını tələb edir. Bu barədə cümə axşamı Bakıda Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
"Martın 16-da Milli Məclisdə baş verən hadisədə mənim heç bir günahım olmadığına görə, İntizam Komissiyasının qərarı ləğv olunmalıdır və sona qədər bu məsələdə təkid edəcəm" -deyə Ağamalı əlavə edib.
Milli Məclisin martın 16-da keçirilən iclasında millət vəkilləri Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında yaranmış insident sonda əlbəyaxa dava ilə nəticələnib. Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında baş prokuror Zakir Qaralovun təqdimatı ilə Abdullayevin deputat toxunulmazlığı ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib.
Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub. Səbail rayon Məhkəməsinin qərarı ilə Abdullayev iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Hökümdən narazı olan Abdullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü qüvvədə saxlayıb. Milli Məclisin İntizam Komissiyası baş vermiş insidentə görə Ağamalıya töhmət verib. Ağamalı töhmətin ləğv olunması üçün İntizam Komissiyasına müraciət edib. Lakin Komissiya qərarı qüvvədə saxlayıb.
Ağamalı qeyd edib ki, məsələni müzakirə etmək üçün gələn həftə parlamentin sədri Oqtay Əsədovla görüşəcək.
"Milli Məclis oktyabrın 1-dən fəaliyyətə başlayacaq. Gələn həftədən etibarən İntizam Komissiyasının mənimlə bağlı qərarının ləğv olunması istiqamətində addımlar atacam" - deyə AVP sədri bildirib.