...

ACP sədri: "Bəzi partiyalar müxalifətin növbəti forumunun keçirilməsini istəmirlər"

Siyasət Materials 14 Sentyabr 2007 12:05 (UTC +04:00)
ACP sədri: "Bəzi partiyalar müxalifətin növbəti forumunun keçirilməsini istəmirlər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Müxalifət partiyalarının növbəti forumunun keçirilməsi üçün təşkilatçılıq etmək istəyən yoxdur. Bu barədə cümə günü Bakıda Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov məlumat verib.

"Biz növbəti forumun təşkilatçılığını öz üzərlərinə götürmələri üçün müxalifət partiyalarının sədrlərinə və bir sıra Qeyri-Hökumət Təşkilatlarına məktubla müraciət etmişik. Lakin bu günə qədər müraciətimizə cavab verən və müxalifətin növbəti forumunun keçirilməsinə təşkilatçılıq etmək istəyən yoxdur" - deyə Şahbazov əlavə edib.

Azərbaycan parlamentinin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev Azərbaycan Demokrat Partiyasına rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə müxalifətin ilk forumu keçirilib. May ayında baş tutan forumda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyalarının müxalifət və iqtidar nümayəndələrinin iştirakı ilə paritet əsaslarla formalaşdırılması məsələsi müzakirə olunub və bu məsələlərdə müxalifətin ümumi mövqeyini əks etdirən sənəd qəbul olunub.

Şahbazov bildirib ki, müxalifət partiyalarının növbəti tədbirə təşkilatçılıq etmək istəməmələri ACP lideri Quliyevin təşəbbüsü ilə keçirilən birinci foruma qısqanclıqla yanaşmaları ilə bağlıdır: "Müxalifət partiyaları birinci forumun keçirilməsindən heç də məmnun olmayıblar. Digər tərəfdən isə müxalifət partiyaları sağlam mövqelərini ortaya qoya bilmirlər. Eyni zamanda, özünü müxalifət adlandıran, əslində müxalifətin birləşməsinin qarşısını almaq üçün fəaliyyət göstərən bir sıra partiyalar növbəti forumun keçirilməsini istəmirlər".

Onun sözlərinə görə, ACP müxalifətin növbəti forumuna təşkilatçılıq etmək istəmir. Çünki digər müxalifət partiyaları bunu başqa cür qiymətləndirə bilərlər.

"Növbəti foruma təşkilatçılıq etsək, müxalifət partiyaları deyəcək ki, Rəsul Quliyev bu düşərgəni inhisara alıb. Ona görə də bu işi başqa müxalifət partiyasının öz üzərinə götürməsini istəyirik. Əgər qarşıdakı 2-3 ay müddətinə forumun təşkilatçılığını öz üzərinə götürən olmasa, ACP məsələni özü yerinə yetirməklə bağlı müzakirələrə başlayacaq" - deyə Şahbazov bildirib.

Şahbazov hesab edir ki, növbəti forumda müxalifətin 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı ümumi mövqeyinin müəyyənləşdirilməsi haqqında müzakirələr aparıla bilər.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar. 

Xəbər lenti

Xəbər lenti