"Azərbaycanın Qəbələ radiolokasiya stansiyası onunla bağlı ABŞ və Rusiya arasında birgə istifadə ilə əlaqədar müsbət qərar qəbul olunduğu təqdirdə ABŞ-ın raket əleyhinə müdafiə sisteminin elementlərindən biri olmayacaq" - deyə bu gün RF Kosmik Qüvvələrinin Qərargah rəisinin birinci müavini general-mayor Aleksandr Yakuşin jurnalistlərə bəyan edib.
"Bizim təklifimizin məqsədi ABŞ RƏMS-nin elementi olmaq deyil, cənub istiqamətindən gələn təhlükənin kompleks qiymətləndirilməsi və mümkün təhlükələrlə mübarizə sahəsində tədbirlərin görülməsi məqsədilə Avroprada RƏMS-in yerləşdirilməsi üzrə ABŞ-ın fəaliyyətinin qarşısını almaqdır. Biz Qəbələ RLS-dən yalnız beynəlxalq maraqlar üçün istifadə etmək niyyətindəyik" - deyə Yakuşin bildirib. O həmçinin bildirib ki, Rusiya tərəfi digər ölkələrin raket əleyinə müdafiə sistemi yaratma səylərini başa düşür, lakin Rusiya bu tədbirlərin onun milli təhlükəsizliyinə hədə olması ilə razı deyil, RBK -nın verdiyi məlumatda belə deyilir.
RƏMS elementlərinin yerləşdirilməsi və Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri 2007-ci il sentyabrın 18-də Bakıda baş tutacaq.
Qeyd edək ki, 2007-ci il iyun ayının 7-də Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etmək təklifi irəli sürüb. O, RƏMS elementlərinin Azərbaycanda yerləşdirilməsinin həmin elementlərin Polşa və Çexiya ərazisində yerləşdirilməsindən üstün olduğunu bildirib. RF prezidenti qeyd edib ki, Qəbələ RLS rəqibin raketlərini vurmağa imkan verəcək. "Bu zaman raketin qalıqları Avropa şəhərlərinin ərazisinə deyil, dənizə düşəcək ki, bu çox vacibdir" - deyə prezident bildirib. Rusiya XİN-i qeyd edib ki, prezidentin təklifi İranın nüvə silahına malik olmasını göstərmir.
Qəbələ RLS dünyada bu növdə olan ən nəhəng stansiyadır. O, sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. İllik icarə haqqı 7 mln. dollar təşkil edir.