Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /NATO Parlament Assambleyasının oktyabrın 5-dən 9-dək İslandiyanın Rekyavik şəhərində keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.
Sessiyada Qara dəniz hövzəsi ölkələrində enerji təhlükəsizliyi, Avropada enerji təhlükəsizliyi, Kosovanın statusu, Əfqanıstandakı vəziyyət, İran ətrafında yaranmış durum müzakirə olunacaq.
"Sessiyada müzakirə olunacaq Qara dəniz hövzəsi ölkələrində enerji təhlükəsizliyi məsələsi ilə bağlı məruzədə Azərbaycanın da adı hallanır. Ona görə də Azərbaycan nümayəndə heyəti bu mövzunun müzakirəsində fəal iştirak edəcək" - Novruzov deyib.
Novruzov bildirib ki, sessiya çərçivəsində NATO Parlament Assambleyasının ayrı-ayrı komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulub.
Azərbaycan NATO Parlament Assambleyasının tam hüquqlu deyil, assosativ üzvüdür. Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rəhbərlik edir.