...

İlin sonuna qədər Azərbaycan və Almaniya energetika sahəsində əməkdaşlıq barədə memorandum imzalayacaqlar

Siyasət Materials 28 Sentyabr 2007 18:29 (UTC +04:00)
İlin sonuna qədər Azərbaycan və Almaniya energetika sahəsində əməkdaşlıq barədə memorandum imzalayacaqlar

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ İlin sonuna qədər Azərbaycan və Almaniya arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Memorandumun imzalanması gözlənilir. Bu barədə cümə günü Berlindən Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev məlumat verib.

"Memorandum layihəsi üzərində iş başa çatdırılır, lakin sənəd Almaniya hökumət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı imzalanacaq",-deyə o söyləyib.

"Almaniya Azərbaycanla enerji ehtiyatlarının diversifikasiyasında əməkdaşlıqda maraqlıdır və yazda Bakıda keçirilən energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Almaniya forumu bu planda ilk addım oldu",-deyə səfirliyin katibi bildirib.

Forumda bu əməkdaşlığı tənzimləyə biləcək bir sənədin imzalanması ideyası yaranıb. Sənəd, daha öncə Azərbaycanla ABŞ və Avropa İttifaqı arasında imzalanmış sənədlərin analoqu olacaq.

Alman neft şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirmək niyyətindədirlər. "Əşrəfi" dəniz yatağının işlənilməsi üzrə ARDNŞ-lə qarşılıqlı anlaşma memorandumu imzalayan Almaniyanın Wintershall şirkəti artıq ARDNŞ-dən geoloji məlumatları alıb. Bu barədə jurnalistlərə cümə axşamı ARDNŞ rəhbəri Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, əgər alman şirkəti alınmış məlumatları öyrəndikdən sonra müsbət qərar qəbul edərsə, həmin şirkətlə kommersiya danışıqları aparılacaq.

Alman şirkəti karbohidrogen ehtiyatlarının dəqiqləşdirilməsi üçün bu yataqda quyu qazmaq niyyətindədir. Bu, PSA tipli müqavilə imzalandıqdan sonra həyata keçiriləcək.

İlkin qiymətləndirməyə görə, yatağın ehtiyatları 35-40 mln ton neft, 20-25 mlrd. kubmetr qaz həcmindədir.

"Əşrəfi-Dan ulduzu" perspektibv strukturunun işlənilməsi üçün saziş 14 dekabr 1996-cı ildə imzalanıb. Layihənin iştirakçıları: BP-30%, Unocal - 25,5%, Itochu - 20%, Delta Hess - 4,5%, ARDNŞ- 20%. Son anda isə, sazişin həyata keçirilməsi dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti