...

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi üzvlərinin bölgəyə səfəri müzakirə olunub

Siyasət Materials 2 Oktyabr 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsi üzvlərinin Dağlıq Qarabağa səfəri Strasburqda müzakirə olunub. "Dağlıq Qarabağ bölgəsinə hər hansı səfər mütləq Azərbaycan ərazisindən keçməklə reallaşdırıla bilər. Ona görə ki, Dağlıq Qarabağ dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Təbii ki, bu bölgəyə səfər ölkəmizin nəzarəti altında olan ərazilərindən keçməklə baş tuta bilər" - deyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda bildirib.

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri Lord Rassel Conston Azərbaycan və Ermənistanın AŞPA-dakı deputat qruplarının rəhbərləri Səməd Seyidov və David Harutunyanla görüşüb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1988-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü il may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

AŞPA 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub. Eyni zamanda, münaqişənin həll olunmamış qalmasının ciddi təhlükələr törətdiyi vurğulanıb. AŞPA qəbul olunan qətnamənin yerinə yetirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ üzrə Alt Komitə yaradıb. Böyük Britaniyadan olan deputat Lord Rassel Constonun rəhbərlik etdiyi komitə üzvlərinin bölgəyə səfəri gözlənilir.

Seyidov bildirib ki, komitədə ilk növbədə qarşıda görüləcək işlər ətrafında müzakirələr aparılıb. Azərbaycanın komitənin işinin yüksək səviyyədə təşkil olunmasına tərəfdar olduğunu bildirib.

Seyidov növbəti görüşlərdə həm marşrut, həm də bölgəyə səfərin hansı tərkibdə gediləcəyinin müzakirə olunacağını bildirib.

Nümayəndə heytinin rəhbəri bir qrup Azərbaycan ziyalısının ölkəmizin ərazisi vasitəsilə Dağlıq Qarabağa getdiyini vurğulayıb və burada hər hansı problemin yaranmadığını bildirib.

Nümayəndə heyətinin rəhbəri bölgəyə səfərlə əlaqədar Azərbaycanın mövqeyini komitə sədrinə çatdırıb. Dağlıq Qarabağ üzrə Alt Komitənin sədri Azərbaycan tərəfinin qaldırdığı məsələ ilə əlaqədar AŞPA burosuna məlumat verəcyini deyib, Azərbaycan və Ermənistan rəsmilərinə öz mövqeini məktub vasitəsilə bildirəcəyini qeyd edib.

Strasburqda AŞPA-nın payız sessiyası başlayıb. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür və AŞPA-da təmsil olunur.

Xəbər lenti

Xəbər lenti