...

Parlamentin komissiya sədri: "Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının nə hüquqi, nə də məntiqi əsası yoxdur" (video)

Siyasət Materials 6 Oktyabr 2007 13:23 (UTC +04:00)
Parlamentin komissiya sədri: "Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının nə hüquqi, nə də məntiqi əsası yoxdur" (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycanda seçki komissiyalarının iqtidar və müxalifət tərəfindən paritet əsaslarla formalaşdırılmasının nə hüquqi, nə də məntiqi əsası yoxdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Əli Hüseynov şənbə günü Bakıda jurnalistlərə açıqlamasında bildirib ki, seçki komissiyalarının formalaşdırılmasının indiki formatı normal bir formatdır.

"Seçki komissiyalarının formalaşdırılması ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Hazırki format ideal olmasa da, müzakirə etdiyimiz digər formatlardan ən normaldır" - deyə Hüseynov əlavə edib.

Seçki Məcəlləsinə görə, Azərbaycanda seçki komissiyaları parlamentdə çoxluq təşkil edən partiyanın (indiki halda hakim Yeni Azərbaycan Partiyası), qanunvericilik orqanında azlıq təşkil edən partiyaların və bitərəf deputatların müəyyənləşdirdikləri nümayəndələrdən təşkil olunur. Müxalifət isə seçki komissiyalarının iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmasını tələb edir.

Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da seçki komissiyalarının tərkibinin dəyişdirilməsini tələb edirlər. Bununla bağlı Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında aparılan danışıqların növbəti mərhələsi noyabrın 9-da Bakıda keçiriləcək.

Hüseynov hesab edir ki, seçki komissiyalarının peşəkar, maddi texniki baxımdan daha yaxşı təchiz olunmuş şəkildə formalaşdırılması üçün işlər görülməlidir və bu işlər görülür: "Seçki prosesində yerlərdəki seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşür. Komissiyaların peşəkar əsaslarla, müəyyən təminatlarla işləməsi, komissiya üzvlərinin seçki məmuru kimi fəaliyyət göstərməsi vacibdir. Bu istiqamətdə addımlar atılmalıdr".

Onun sözlərinə görə, Seçki Məcəlləsində ediləcək hər hansı dəyişikliklər ancaq texniki xarakter daşımalıdır. Seçki Məcəlləsinə olunacaq dəyişikliklər seçki komissiyalarının daha peşəkar fəaliyyət göstərmələri, maddi təminatı ilə bağlı atılan addımlar olmalıdır".

Xəbər lenti

Xəbər lenti