...

Partiya sədri: "Azərbaycanda seçkiləri dövlət orqanları keçirməlidir"

Siyasət Materials 11 Oktyabr 2007 11:44 (UTC +04:00)
Partiya sədri: "Azərbaycanda seçkiləri dövlət orqanları keçirməlidir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyası (DİP) Azərbaycanda seçkilərin dövlət qurumları tərəfindən keçirilməsini təklif edir. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili Asim Mollazadə açıqlama verib.

Azərbaycanda seçkiləri Mərkəzi Seçki Komissiyası, ona tabe olan dairə və məntəqə seçki komissiyaları təşkil edir. MSK-nın 18 nəfərlik tərkibi parlamentdə çoxluq təşkil edən, azlıqda qalan partiyaların və bitərəf deputatların nümayəndələrindən ibarət formalaşıb. Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi, bu çərçivədə seçki komissiyalarının tərkibinə yenidən baxılması hökumətlə Avropa Şurası Venesiya Komissiyası arasında müzakirə olunur.

DİP sədri hesab edir ki, seçkilər siyasi partiyaların təmsilçilərindən ibarət seçki komissiyaları deyil, dövlət qurumları tərəfindən təşkil olunmalı və keçirilməlidir. Mollazadənin sözlərinə görə, bu təcrübə Avropa ölkələrində tətbiq olunur və özünü doğruldur.

"Hakim Yeni Azərbaycan Partiyasının seçki komissiyaları üzərində monopoliyası var və buna son qoyulmalıdır. Ümumiyyətlə, siyasi partiyalar seçki prosesində yalnız müşahidəçi qismində iştirak etməlidirlər" - deyə DİP sədri bildirib.

O, həmçinin hesab edir ki, Azərbaycanda proporsional seçki sistemi bərpa olunmalı, siyasi partiyaların inkişafı üçün onların parlamentə seçilməsinə imkan yaradılmalıdır.

Xəbər lenti

Xəbər lenti