...

Rüstəm Şahsuvarov Azərbaycan Kommunist Partiyasının yeni sədri seçilib

Siyasət Materials 14 Oktyabr 2007 18:57 (UTC +04:00)
Rüstəm Şahsuvarov Azərbaycan Kommunist Partiyasının yeni sədri seçilib

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Kommunist Partiyasının (AKP) yeni sədri seçilib. AKP-nin qərargahında bazar günü keçirilən partiyanın XXXVII (IV) qurultayında qəbul olunan qərara əsasən təşkilatın yeni sədri Rüstəm Şahsuvarov olub. Qurultay iştirakçıları Şahsuvarovun alternativi olmayan namizədliyinə yekdilliklə səs veriblər. Şahsuvarov son beş ildə AKP sədrinin ideoloji məsələlər üzrə müavini vəzifəsində çalışıb.

AKP sədri Ramiz Əhmədov 2007-ci ilin sentyabrın 10-da dünyasını dəyişib. Bundan sonra partiya sədrinin müavinləri arasında fikir ayrılığı yaranıb. Nəticədə AKP partiya sədrinin birinci müavini Rauf Qurbanov və R.Şahsuvarovun tərəfdarlarından ibarət hissələrə bölünüb.

AKP-nin qurultayında 140 qurultay nümayəndəsindən 124 nəfər iştirak edib. Onlar partiyanın 51 rayon və şəhər təşkilatının 42-nin təmsilçiləridir. AKP-nin yerdə qalan 9 rayon təşkilatının (Gəncə, Xanlar, Samux, Daşkəsən, Ağdam, Şəmkir, Ağstafa, Sumqayıt və Lənkəran) nümayəndələri isə qurultaya qatılmayıblar.

Qurultayda AKP İcraiyyə Komitəsinin hesabatı, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) sədrinin hesabatı dinlənilib. Həmçinin partiyanın proqramına və nizamnaməsinə dəyişikliklər, mərkəzi icraiyyə komitəsinin struktur dəyişikliyi, rəhbər orqanlarının seçilməsi və digər məsələlər müzakirə olunub.

Qurultay iştirakçıları AKP sədrinin sabiq birinci müavini R.Qurbanovu partiyadaxili qruplaşma yaratmaqda, nizamnamə və məramnaməni pozmaqda, habelə maliyyə fırıldaqçılığında ittiham ediblər.

Qurultayda Seyidağa Muradov (birinci müavin), Rəvayət Cabarov, Hacı Hacıyev və Ələsgər Xəlilov AKP sədrinin müavinləri seçiliblər.

Azərbaycan Kommunist Partiyası ötən əsrin əvvəllərində yaradılıb. 1993-cü ildə R.Əhmədov 1991-ci ildə fəaliyyətinə xitam verilmiş AKP-ni bərpa edib. Partiya 2000-2005-ci illərdə Azərbaycan parlamentində təmsil olunub.

Xəbər lenti

Xəbər lenti