...

Avropa Şurası Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı razılığın əldə olunacağına ümid edir

Siyasət Materials 31 Oktyabr 2007 17:12 (UTC +04:00)
Avropa Şurası Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı razılığın əldə olunacağına ümid edir

Fransa, Strasburq/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə /Avropa Şurası Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı noyabrın 7 və 8-də Bakıda keçiriləcək müzakirələr zamanı bu məsələ üzrə razılığın əldə olunacağına ümid edir. Bu barədə çərşənbə günü Trend ə Avropa Şurasının Katibliyindən məlumat verilib.

"Dəyirmi masa zamanı Seçki Məcəlləsi üzrə müzakirələr aparılacaq. Seçki Komissiyalarının tərkibi və seçkilərdə şikayətlərə baxılması və onların qəbulu prosesi müzakirələrin əsas mövzusu olacaq. Görüş zamanı bu məsələlər barədə razılıq əldə olunarsa, Seçki Məcəlləsi ilə bağlı müzakirələrə son qoyulması nəzərdə tutulub" ,-deyə Avropa Şurasının Katibliyindən bildirilib.

Noyabrın 7 və 8-də Bakıda Venesiya Komissiyasının iştirakı ilə dəyirmi masa keçiriləcək. Görüşdə siyasi partiyalarınn, QHT və ictimai birliklərin nümayəndələri iştirak edəcək. Azərbaycan hökuməti tərəfindən tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Prezidentin İcra Aparatının şöbə müdiri Şahin Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digərləri iştirak edəcək. Bundan əlavə, tədbirdə İFES təşkilatının iştirakı da nəzərdə tutulur.

"Azadlıq" blokuna daxil olan partiyalar (Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi və Liberal partiyaları), Müsavat və ADP seçki qanunvericiliyinin dəyişdirilməsinə dair  vahid mövqedən çıxış etmək barədə ötən gün razılığa gəliblər. Tərəflər seçki komissiyalarının tərkibinin iqtidarla müxalifət arasında paritet əsasda (bərabər) formalaşdırılmasını, komissiyalarda yerlərin tam yarısının iqtidar nümayəndələri, qalan yarısının ADP, Müsavat, ALP və AXCP-nin nümayəndələrindən ibarət olmasını təklif edirlər.

"Azadlıq" bloku, ADP və Müsavat birgə bəyanat qəbul edərək, həmin dəyirmi masanın İFES tərəfindən təşkil olunmasına və geniş tərkibdə keçirilməsinə etiraz olaraq, tədbirə qatılmayacaqlarını bildiriblər. 

Azərbaycan hakimiyyəti isə, hesab edir ki, Seçki Məcəlləsinin əsaslı şəkildə dəyişdirilməsinə ehtiyac yoxdur və seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması mümkün deyil.

Xəbər lenti

Xəbər lenti