...

Mirmahmud Mirəlioğlu: "Dörd partiya özünü fərqləndirmək üçün ümummüxalifət birliyini pozdu"

Siyasət Materials 5 Noyabr 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dörd müxalifət partiyası özünü fərqləndirmək üçün ümummüxalifət birliyini pozdu. Bu fikirləri bazar ertəsi Trend ə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə Avropa Şurası Venesiya Komissiyası ilə İFES-in birgə təşkilatçılığı və siyasi partiyaların iştirakı ilə noyabrın 7-8 və 9-da Bakıda toplantılar keçiriləcək. Azərbaycan müxalifətinin aparıcı qüvvələri sayılan AXCP, ADP, ALP və Müsavat partiyaları Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı eyni mövqedən çıxış etmək və vahid təkliflər layihəsi hazırlamaq qərarına gəliblər. Onlar seçki komissiyalarında yerlərin tam yarısının iqtidar nümayəndələrindən, qalan yarısının ADP, Müsavat, ALP və AXCP-nin nümayəndələrindən ibarət olmasını təklif edirlər. "Dördlər" həmçinin bəyan ediblər ki, Seçki Məclləsinin müzakirələrinə dair keçiriləcək "dəyirmi masa"da müxalifətdən yalnız bu dörd partiya iştirak etməlidir.

KXCP sədri bildirib ki, "dördlər" bir araya gələnə qədər onların da nümayəndələri daxil olmaqla əksər müxalifət partiyaları Seçki Məcəlləsinə dair vahid təkliflər hazırlamaq qərarına gəlmiş və bunun üçün işçi qrup da yaradılmışdı. Mirəlioğlunun sözlərinə görə, işçi qrup artıq təkliflərini hazırlayıb və bu qrup da seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını təklif edir.

"Əksər müxalifət partiyalarının təmsil olunduğu işçi qrupun təklifi heç də həmin dörd partiyanın təkliflərindən fərqlənmirdi. Sadəcə onlar özlərini hamıdan fərqləndirmək üçün müxalifətin vahid, ümummilli mövqeyə gəlməsini əngəllədilər" - deyə Mirəlioğlu bildirib.

O, əlavə edib ki, "dördlər" beynəlxalq qurumların təşkil etdiyi tədbirdə yalnız özlərinin iştirak etməsini təşkilatçılar qarşısında şərt kimi qoya bilməzlər. Mirəlioğlu hesab edir ki, özlərini ana müxalifət hesab edən həmin partiyalar daha çox Azərbaycanda ictimai-siyasi vəziyyəti dəyişdirməyi öz qarşılarına şərt qoymalıdırlar.

Müxalifətçi KXCP-nin 2006-cı ilin martında təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadı kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin vəfatından sonra 2000-ci ildə AXCP iki yerə parçalanıb və Mirmahmud Mirəlioğlu "klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti