...

"Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın daxili və xarici siyasətinin prioritetlərinin müəyyənləşdirilməsində səmərəli işlər görəcək" - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 13 Noyabr 2007 13:52 (UTC +04:00)
"Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın daxili və xarici siyasətinin prioritetlərinin müəyyənləşdirilməsində səmərəli işlər görəcək" - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ölkənin daxili və xarici siyasətinin prioritetlərini müəyyənləşdirəcək. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı Trend ə eksklüziv açıqlamasında bildirib ki, mərkəz Azərbaycanın daxili və xarici siyasətinin formalaşdırılması, daxildə və xaricdə keçirilən tədbirlərin optimallığının müəyyən edilməsi, bu tədbirlərin bütün faktorları nəzərə alınaraq hazırlanması istiqamətində işlər görəcək.

"Ölkədə, regionda və dünyada gedən proseslərin geniş təhlili, proqnozlaşdırılması və müvafiq olaraq onlara təsir mexanizmlərinin araşdırılması mərkəzin səlahiyyətlərinə daxil olacaq" Həsənov deyib.

Noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Azərbaycanın dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasını, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair müxtəlif proqnozların verilməsini, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasını, sosioloji sorğuların keçirilməsini və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsini tələb edir. O cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə də ehtiyac duyulur.

Həsənov bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində bu cür strateji araşdırmalar mərkəzi var və onlar ölkədə daxili və xarici siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər.

"Düşünürük ki, yaxın zamanlarda mərkəz fəaliyyətə başlayacaq və fərmanda göstərilən sahələr üzrə ölkənin daxili və xarici siyasətinin prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində səmərəli işlər görəcək" Prezident Aparatının təmsilçisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti