...

Gəncədə ağır cinayətlər törədən dəstənin daha bir üzvü tutulub

Siyasət Materials 30 Noyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində iki il əvvəl ağır cinayətlər törətmiş cinayətkar dəstənin daha bir üzvü tutulub. Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev cümə günü jurnalistlərə bildirib ki, cinayətkar qrupun üzvü, Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Ümumi Balaxan oğlu Nasir, keçirilən əməliyyat tədbirləri nəticəsində, Samux rayonunda yaxalanıb. Onun sözlərinə görə, saxlanılan zaman polislərə müqavimət göstərən Nasir, ələ keçməmək üçün qarın nahiyəsindən özünə bıçaqla xəsarət yetirib.

Cinayətkar dəstə təkcə Gəncədə beş evə silahlı basqın edərək, külli miqdarda zinət əşyaları götürüblər. Sonuncu dəfə onlar Gəncə şəhər sakini Oqtay Hüseynovun evinə basqın etmiş və onu qətlə yetirmişlər. "Gülüstan" qəsəbəsində bir ailənin 3 üzvünü də tamah üstündə qətlə yetiriblər.

Musayev iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Nasirin vəziyyətinin normal olduğunu bildirib.

Polis rəisi deyib ki, uzun müddət Bakı və Gəncədə adam öldürməklə bir neçə qətl hadisələri törətmiş cinayətkar qrup üzvləri, vəzifəli şəxslərin evlərinə basqınlar etməkdə də təqsirləndirirlər.

Həmin cinayətkar dəstənin beş üzvü tutularaq, ədalət məhkəməsinə verilib. Onların barəsində Cinayət Məcəlləsinin banditizm və qəsdən adam öldürmə maddələri ilə cinayət işi qaldırılıb. Musayev, 9 nəfərdən ibarət olduğu güman edilən bandanın digər dörd üzvünün də axtarıldığını deyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti