Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan politoloqu Zərdüşt Əlizadə hesab edir ki, müxalifəti təmsil edən Müsavat Partiyası builki prezident seçkisində iqtidarın sifarişi ilə iştirak edir. Əlizadə bu fikirlərini Trend ə açıqlamasında bildirib.
Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Müxalifət düşərgəsindən artıq bir neçə partiya - Müsavat, Ümid, Böyük Quruluş partiyaları seçkidə öz namizədi ilə iştirak edəcəyini açıqlayıb.
Əlizadə hesab edir ki, hətta tam demokratik seçki keçirilərsə belə, müxalifət düşərgəsindən heç bir partiyanın, o cümlədən Müsavatın prezident seçkisində heç bir şansı yoxdur. Onun fikrincə, partiya növbəti dəfə seçkidə iştirak etməklə, hansısa imtiyazlar qazanmaq istəyir. Əlizadəyə görə, 2005-ci il parlament seçkisindən sonra Müsavat Partiyasının parlamentdə iştirak etməyə qərar verməsi onu göstərir ki, partiya həmin qanunsuz seçkiləri, onun nəticələrini tanıyır. Müsavat Partiyasının MSK-dakı nümayəndəsinin seçkinin nəticələrinə imza atması da bu mövqeyi göstərir.
"2003-cü ilin prezident seçkisindən sonra Müsavat Partiyası iqtidarın oyunlarında iştirak etdi. Ona görə də mən Müsavatın yalançı "qəhrəmanlığına" inanmıram"-deyə Əlizadə bildirib.
Müsavat Partiyasında isə, hesab edirlər ki, bu partiyanın seçkidə həm iştirakı, həm də iştirak etməməsi narahatlıq yaradacaq. Partiyanın Məclis sədri Sülhəddin Əkbər Trend ə açıqlamasında bildirib ki, Müsavatın parlamentdə iştirak etməsi 2005-ci il parlament seçkisinin nəticəsini dəstəkləməsi demək deyil. O, həmçinin bildirib ki, partiya seçkini boykot etməyin müxalifətə heç bir fayda verməyəcəyini, boykotun iqtidarın xeyrinə olacağını düşünür, ona görə də prezident seçkisində iştiraka qərar verib: "Hətta partiya sıralarında kimsə iqtidarla gizli əməkdaşlıq etsə belə, partiyanın Məclisinin iradəsindən kənar heç bir qərar verilə bilməz. Prezident seçkisində iştirak barədə qərarı Məclis çıxarıb və bütün üzvlər yekdilliklə dəstəkləyib. Seçkidə hakimiyyətin sifarişi ilə iştirakımız barədə iddia isə, əsassızdır" - deyə Əkbər bildirib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı, Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) İsa Qəmbər 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. O, qazandığı səslərə görə, 8 nəfər namizəd arasında ikinci olub. Müsavat Partiyası hazırda beş nəfər deputatla parlamentdə təmsil olunur.
Zərdüşt Əlizadə müxalifətçi Azərbaycan Sosial- Demokrat Partiyasının həmsədri olub.