...

Azərbaycan İrana qarşı sanksiyalar tətbiq edilməsinin əleyinədir - XİN-in mətbuat katibi

Siyasət Materials 28 Yanvar 2008 14:40 (UTC +04:00)
Azərbaycan İrana qarşı sanksiyalar tətbiq edilməsinin əleyinədir - XİN-in mətbuat katibi

Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan "böyük səkkizlik" ölkələrinin İrana qarşı sanksiyalar tətbiq etməsinin əleyhinədir və Tehranın nüvə proqramı ətrafındakı vəziyyəti həll etmək üçün dialoq tərəfdarıdır.

BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyadan ibarət beynəlxalq vasitəçilər "altılığı" yanvarın 22-də İrana qarşı BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalar tətbiq etməsini nəzərdə tutan qətnamə layihəsinin məzmununu razılaşdırıblar. Bu barədə Berlində bu məsələ üzrə keçirilən danışıqlardan sonra ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniya XİN rəhbərlərinin mətubat konfransında bildirilib.

"Sanksiyalar sanksiyalara görə tətbiq edilməməlidir. Hər məsələdə əsas olan - problemin dialoq yolu ilə həll edilməsidir" - cümə günü Azərbaycan XİN-in mətubat katibi Xəzər İbrahim rəsmi Bakının mövqeyini şərh edərkən jurnalistlərə bildirib.

Bir qədər əvvəl İranın dini lideri Ayətulla Əli Xameneyi BMT Təhlükəsizlik Şurasında İranın nüvə dosyesini bağlamağa çağırıb. Ayətulla Beynəlxalq Atom Energetikası Agentliyinin (MAQATE) rəhbəri Məhəmməd Əl-Baradeyi ilə görüşdə İranın öz nüvə proqramının dinc xarakterli olduğunu sübut etdiyini və BMT TŞ-nin İranın nüvə məsələsinin müzakirələrində iştirakına artıq heç bir əsas olmadığını bildirib.

MAQATE rəhbəri Məhəmməd Əl-Baradeyinin yanvarın 12-13-də baş tutan səfərindən sonra İran bir ay ərzində onun nüvə proqramı sahəsində həll edilməmiş məsələləri aydınlaşdırmağa razı olduğunu ifadə edib. Bundan əlavə, Tehran uranın zənginləşdirilməsi üçün sentrifuqa yaradılması üzrə öz işi haqqında sənədləri təqdim edib.

BMT TŞ İranın uranın zənginləşdirilməsi proqramı əleyhinə artıq iki dəfə qətnamə qəbul edib və Birləşmiş Ştatlar İrana qarşı yeni beynəlxalq sanksiyaların tətbiq edilməsinə təkid edir. Tehranın, uranın zənginləşdirilməsi proqramının dinc xarakterli olmasını iddia etməsinə baxmayaraq, Vaşinqton İranın nüvə silahı yaradacağından ehtiyat edir.

Xəbər lenti

Xəbər lenti