Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Əliyev Roqqun BOK-un prezidenti kimi Azərbaycana ilk dəfə səfər etdiyini bildirib və onunla əvvəllər keçirdiyi görüşləri xatırlayıb. Azərbaycanda bir sıra beynəlxalq idman tədbirlərinin, o cümlədən Afina Olimpiya oyunlarına lisenziya verən boks, voleybol və taekvondo üzrə nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirən prezident Əliyev Azərbaycanda ənənəvi olmayan idman növlərinin inkişafına da diqqət yetirildiyini deyib. Dövlət başçısı Azərbaycanda geniş idman infrastrukturunun yaradılması ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərə toxunaraq qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara tam cavab verən 13 regional idman kompleksi istifadəyə verilib, 23 idman mərkəzi isə tikilməkdədir.
Prezident Əliyev idmançıların sosial şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirildiyini deyib. "İdman təkcə uğurlar və nailiyyətlərdən ibarət deyil, həm də millətin gələcəyidir"- deyən dövlət başçısı bildirib ki, Azərbaycan idmanın inkişafı ilə bağlı öz siyasətini bundan sonra da davam etdirəcək. Roqq Azərbaycanda bütün sahələrdə dinamik inkişafın şahidi olduğunu deyib. Azərbaycanda idman sahəsində görülən işləri, olimpiya hərəkatının geniş vüsət aldığını bildirən BOK-un prezidenti Əliyevin bu sahəyə göstərdiyi diqqətin dünya olimpiya təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini dilə gətirib.