...

Beynəlxalq ekspertlər Bakıda Azərbaycanın Seçki Məcəlləsini müzakirə edirlər

Siyasət Materials 7 Fevral 2008 15:13 (UTC +04:00)
Beynəlxalq ekspertlər Bakıda Azərbaycanın Seçki Məcəlləsini müzakirə edirlər

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir K.Ramazanova/ Bu gün Bakıda Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə Azərbaycan hakimiyyəti arasında ölkənin seçki sistemi ilə bağlı növbəti müzakirələr başlayıb. Bu barədə cümə axşamı Avropa Şurasının Bakı ofisindən məlumt veriblər. 2008-ci il üçün nəzərdə tutulan prezident seçkiləri öncəsi Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə müzakirələr aparılır.

Bu gün Venesiya Komissiyasının nümayəndələri parlamentdə, Azərbaycan Prezidentinin İcra Aparatında və Mərkəzi Seçki Komissiyasında görüşlər keçirəcəklər. Seçki orqanlarına şikayət proseduru, seçki komissiyasının tərkibi və namizədlərin qeydiyyatı ilə bağlı problemlərin müzakirə olunacağı gözlənilir.

Seçki Məcəlləsinin yeni variantı parlmentə təqdim olunub və yaxın günlərdə müzakirəyə çıxarılacaq. Seçki Məcəlləsinə hansı dəyişikliklərin ediləcəyi barədə hələ dəqiq məlumat verilmir.

Noyabrın əvvəlində Bakıda Venesiya Komissiyasının, ATƏT, hökumət nümayəndələrinin və ilk dəfə olaraq Azərbaycandakı partiyaların nümayəndələrinin iştirakı ilə Dəyirmi masa keçirilib. Görüş zamanı seçki komissiyasının tərkibi və seçki prosesləri ilə əlaqədar qərarların şikayət edilməsi məsələləri müzakirə edilib.

Azərbaycanın hazırkı Seçki Məcəlləsinə əsasən, şikayətlərə ali seçki komissiyaları və məhkəmələr baxır. Venesiya Komissiyası nümayəndələri şikayətlərin baxılma müddətinin azaldılmasını təklif ediblər.

Məcəllə üzrə işləri payızda yekunlaşdırmaq nəzərdə tutulsa da, müxalifət partiyalarının seçki komissiyalarının tərkibinin müəyyənləşdirilməsi ilə bağlı mövqeyinə görə proses uzanıb. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku iyun ayında Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsinə dair təklif paketini Venesiya Komissiyasına göndərib. Seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşdırılması məsələsi təklif paketində əks edilib.

Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti tərəfindən seçki zamanı barmaqların nişanlanması haqında maddə Məcəlləyə daxil edilib. Tərəflər seçki zamanı zərflərdən istifadə edilməməsi razılığına gəliblər.

Xəbər lenti

Xəbər lenti