Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın daxili işlər nazirliyi ölkədə keçiriləcək prezident seçkisində polislərin davranış qaydaları ilə bağlı maarifləndirmə işini gücləndirəcək.
"İxtişaşların qarşısını almaq, kütləvi tədbirlərin mühafizəsini qoruyarkən polislərin nöqsanlara yol verməməsi üçün nazirlik ATƏT və Avropa Şurası ilə birlikdə polislərə treninq və seminarlar keçirəcək", - bazar ertəsi jurnalistlərə daxili işlər nazirinin müavini, general-leytenant Əsgər Ələkbərov bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.
Onun sözlərinə görə, polis orqanlarında peşəkarlığın artırılması üçün kadr islahatları da aparılır. Nazir müavini qeyd edib ki, nazirlik strukturlarında demokratik dəyərlərin təmin olunması üçün yeni strukturlar yaradılır. Zərurət yaranarsa, gələcəkdə daxili işlər nazirliyi orqanlarında əlavə yeni strukturlar yaradılacaq.