...

Əfqanıstanın problemini hərbi yolla aradan qaldırmaq mümkün deyil- Əfqanıstan politoloqu

Siyasət Materials 26 Fevral 2008 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir D.Xatınoğlu, R.Hafizoğlu/ Əfqanıstanda son illərdə hökm sürən gərginliyin aradan qaldırılması üçün həbri vasitələrdən siyasi tədbirlərə əl atmaq daha yaxşıdır. "Əfqanıstandakı problemləri hərbi yolla aradan qaldırmaq mümkün deyil"-deyə, Londonda fəaliyyət göstərən əfqan politoloq Səlahəddin Səidi Trend a bildirib.

BBC-nin fevralın 25-də yaydığı məlumata əsasən, NATO-nun Baş katibi Yaap De Hup Şeffer Əfqanıstana səfərində NATO qüvvələrinin bu ölkədə terrorizmə qarşı əməliyyatlarını və qazandıqları nailiyyəti müsbət dəyərləndirib.

Əfqanıstan probleminin həlli NATO qüvvələri ilə deyil, yerli və milli hakimiyyətin güclənməsi və siyasi yolladır, - deyə Səidi çərşənbə axşamı Londondan telefonla Trend a bildirib.

" Ölkədə siyasi böhran var və bu gərginliyi aradan qaldırmağa hər hansı bir hərbi addım əks nəticə verəcək. Əfqanıstan əhalisi prezident Hamid Kərzainin hökumətini milli hakimiyyət kimi qəbul etmir. Xarici qüvvələrin də ölkədə qalması əhalinin hakimiyyətə münasibətinə mənfi təsir göstərir. Bu səbəbdən müxalif qüvvələr və xüsusilə "Taliban" bu ölkədə nüfuzunu hər gün artırır"-deyə, əfqan politoloqu əlavə edib.

Səidinin fikrincə, yerli əhali hakimiyyət orqanlarındakı qanunsuzluqları, diktaturanı və korrupsiyanı görüb, "Taliban" təşkilatını daha artıq mənimsəyir. "Məsələn, Əfqanıstanda xaşxaş əkilməsinin və narkotik maddələr istehsalının səbəbi yalnız əhalinin məişət problemi və qazanc əldə etmək istəyi ilə bağlı deyil. Bu ölkədə qanunsuzluq və qanun pozuntuları adi hala çevrilib. Qanuni qurumlar nə hakimiyyətə, nə də əhaliyə nəzarət edir və bunlar yaranmış gərginliyi şiddətləndirir"-deyə, Səidi bildirib.

Əfqanıstan üzrə türkiyəli araşdırmaçı Mahmud Osmanoğlu da hesab edir ki, Əfqanıstandakı vəziyyətin silah gücü ilə həllini düşünmək doğru deyil. "Mən əminəm ki, gec- tez, Əfqanıstandakı koalisiya qüvvələri bu ölkəni tərk etmək məcburiyyətində qalacaqlar"-deyə, Osmanoğlu çərşənbə axşamı İstanbuldan telefonla Trend -a bildirib.

Onun fikrincə, əfqanları digər millətlərdən fərqləndirən əsas səciyyəvi xüsusiyyət onların düşmən tayfalarla ümumi düşmənə qarşı birləşə bilmələridir. "Koalisiya qüvvələri, əfqan mücahidlərindən fərqli olaraq, dağlıq ərazilərdə hərbi əməliyyatlarda o qədər də təcrübəli deyillər. Hazırda koalisiya qüvvələri regiona tam nəzarət etsələr də, "Təliban"-ın da nüfuzu genişlənir. Bu da yaxın gələcəkdə yeni münaqişə ocaqlarının yaranmasını istisna etmir" - deyə, əlavə edib. Ekspert hesab edir ki, indiki Kərzai hökuməti Milli yox, Amerikanın regiondakı siyasi maraqlarını təmsil edən hökumətdir.

"İndiki hökumət əfqan xalqına populist vədlər versə də, bu vədlərin heç birini yerinə yetirməyib. Bu da onun xalqın gözündən düşməsilə nəticələnir. Kərzaini bütün əfqan xalqı deyil, əsasən etnik tayfalar dəstəkləyir. Əfqanıstanda milli hökumətin yaradılmasına böyük ehtiyac var"-deyə, Osmanoqlu bildirib.

Avropa eksperti Daniel Korskinin rəyinə görə, mövcud problemləri həll etməyə mane olan və NATO-nun Buxarest sammitinədək koalisiya və əfqan hökumətinin aydın strategiyaya malik olduqlarını əminliklə söyləməyə imkan verməyən müəyyən məqamlar var. "Ola bilsin, bu, BMT-nin Əfqanıstanda yeni nümayəndəsinin təyin edilməsini tələb edəcək və martda BMT mandatında müəyyən dəyişikliklərə gətirəcək", - Avropa Şurasının beynəlxalq münasibətlər üzrə analitiki Korski çərşənbə axşamı elektron poçtu ilə Trend -a bildirib.

Onun sözlərinə görə, talibanlar İraqdakı dərslərdən nəticə çıxararaq, taktikanı dəyişiblər və indi NATO ilə açıq qarşıdurmadan qaçırlar. "Onlar bunun əvəzinə dinc əhaliyə qarşı terror aktları kimi üsullarla mübarizə aparılar. Belə strategiyaya qarşı durmaq çox çətindir", - Korski bildirib.

ABŞ 2001-ci il 11 sentyabr faciəsindən sonra öz hərbi quvvələrini Əfqanıstana yeridib. O zaman iqtidarda olan "Taliban" təşkilatı hələ də NATO və Amerika qüvvələrinə müqavimət göstərərək, onların əleyhinə terror aktları həyata keçirir.

Xəbər lenti

Xəbər lenti