...

AŞPA- da Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

Siyasət Materials 6 Mart 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq. "Monitorinq Komitəsinin iclasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın ölkəmizə səfərinin yekunları ilə bağlı hesabat dinləniləcək", - deyə cümə axşamı Trend a eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Monitorinq Komitəsinin iclası martın 18- də Parisdə keçiriləcək.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı hansısa qərarın qəbul olunacağı gözlənilmir.

"Bu, sadəcə olaraq, növbəti iclas və müzakirələrdir. Hər hansı qərarın qəbul olunması üçün müzakirəyə sənəd formasında məruzə təqdim olunmalıdır. Monitorinq Komitəsinin iclasında isə, məruzə müzakirə olunmayacaq, həmməruzəçilərin səfərin yekunları ilə bağlı hesabat dinləniləcək", -deyə Seyidov əlavə edib.

İclasda Azərbaycanı Səməd Seyidov təmsil edəcək.

Azərbaycan 2001-ci il yanvarın 7- də Avropa Şurasına tamhüquqlu üzv olub və öhdəliklər götürüb. Azərbaycan hələ də Avropa Şurasının monitorinqi altındadır. Öhdəliklərin yerinə yetirilməsinə nəzarət üçün AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri fəaliyyət göstərirlər.

Xəbər lenti

Xəbər lenti