...

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

Siyasət Materials 12 Mart 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Ramazanova/ May ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana növbəti səfəri gözlənilir. Bu barədə çərşənbə günü telefonla Strasburqdan Trend a Herkel məlumat verib.

"Bizim səfərimiz Azərbaycan ilə Venesiya Komissiyası arasında ölkənin Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə dair müzakirələr başa çatdıqdan sonra gözlənilir" - deyə Herkel vurğulayıb.

Onun sözlərinə görə, AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçilərin ölkəyə səfərlərinin yekunlarına həsr olunmuş hesabatları dinləniləcək.

Monitorinq Komitəsinin iclası martın 18-də Parisdə keçiriləcək. İclasda Azərbaycanı Səməd Seyidov təmsil edəcək.

Herkelin sözlərinə görə, bu yalnız növbəti iclas və müzakirədir. "Lakin bizim siyasi məhbus, söz azadlığı və Seçki Məcəlləsinə dəyşikliyin edilməsi ilə bağlı təkliflərimiz var və biz bütün bu məsələləri müzakirə edəcəyik" - deyə Herkel bildirib.

2001-ci il yanvarın 7-də Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olub və üzərinə öhdəlik götürüb. Ölkə hələ də AŞ-nın monitorinqi altındadır. Öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarəti Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri həyata keçirirlər.

Xəbər lenti

Xəbər lenti