...

AKP-nin fəaliyyətinin dondurulması Türkiyədə siyasi gərginliklə nəticələnə bilər - ekspertlər

Siyasət Materials 17 Mart 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı,17 mart / Trend , müxbir R.Hafizoğlu/ Türkiyə məhkəməsinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin dondurulması barədə qərarı ölkədə yeni siyasi böhranla nəticələnə bilər. "AKP-nin fəaliyyətinin dondurulması tələbi Türkiyədəki demokratiya və millətin iradəsinə qarşı atılan addımdır"-deyə türkiyəli millət vəkili Sadullah Ergin bildirib.

Türkiyə mətbuatının martın 14-də verdiyi məlumata görə, ölkənin baş prokuroru Əbdürrəhman Yalçınkaya hakim AKP-nin "dünyəvilik əleyhinə fəaliyyət mərkəzinə çevrildiyini" bildirərək, partiyanın fəaliyyətinin dondurulması ilə bağlı məhkəməyə müraciət edib. AKP-yə qarşı iləri sürülən əsas 5 iddiadan biri də, AKP-li Samsundan olan millət vəkili Mussa Uzunqayanın büdcə komissiyasında çıxış edərkən Mustafa Kamal Atatürkün həyat yoldaşı Lətifə xanımın baş örtülü olmasına dair söylədikləri olub.

"AKP əleyhinə irəli sürülən iddiaların heç bir məntiqi əsası yoxdur"-deyə Ergin bazar ertəsi İstanbuldan telefonla Trend a bildirib. Onun fikrincə, AKP türk xalqının seçimidir və bu seçimin əleyhinə hər hansı bir addım atmaq türk millətinin seçiminə qarşı hörmətsizlik etməkdir.

Amerikanın Corc Vaşinqton Universitetinin eksperti Mərvə Kavakçı isə hesab edir ki, AKP-nin fəaliyyətinin durdurulması tələbi Türkiyənin beynəlxalq nüfuzuna təsir edəcək. "Türkiyə "kamalçıları" (Türkiya Respublikasının banisi Kamal Paşa Atatürkün ardıcılları) ölkədəki demokratiyanı boğmamağa çalışır"-deyə Kavaçkı bazar ertəsi Vaşinqtondan elektron poçtla Trend a bildirib.

Kavakçı hesab edir ki, baş prokurorun AKP əleyhinə irəli sürdüyü ittihamlar əsassızdır. "AKP islami, yox demokratik bir partiyadır" - deyə o qeyd edib. Eyni zamanda, onun fikrincə, Türkiyədə demokratiyanın inkişafı üçün əsaslı islahatlara ehtiyac var.

Türkiyəli hüquq müdafiəçisi Fatma Benli də hesab edir ki, AKP-nin fəaliyyətinin dondurulması Türkiyədə siyasi böhrana səbəb ola bilər. "AKP türk xalqının demokratik yolla seçdiyi hakim partiyadır. Partiyanın fəaliyyətinin dondurulması tələbi bəzi dairələrin demokratik dəyərlərə əhəmiyyət verməməsini göstərir"-deyə Benli bildirirb.

Onun fikrincə, hökumətin PKK terrorçularına mübarizə apardığı bir zamanda məhkəmənin AKP-nin fəaliyyətini dondurması terrorçuların siyasi böhrandan istifadə edərək aktivləşməsi ilə nəticələnə bilər.

Martın 14-də məsələyə münasibət bildirən Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan partiyasının dini deyil, demokratik partiya olduğunu və türk millətinin qərarı ilə seçildiyini bildirib.

1998-ci ildə Türkiyədə Nəcməddin Erbakanın partiyası olan Fəzilət Partiyasının islami siyasət yürütməsi nəticəsində məhkəmə tərəfindən həmin partiyanın fəaliyyətinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti