...

Azərbaycan cəmiyyəti yeni ailə modelini birmənalı qəbul etmir

Siyasət Materials 10 Aprel 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan cəmiyyəti yeni ailə modelini birmənalı qəbul etmir. Milli Məclisin İnsan Hüquqları və Sosial siyasət daimi komissiyalarının birgə hazırladıqları "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi ciddi fikir ayrılığı yaradıb. Bu qanunun qəbulunun əleyhinə olanlar hesab edir ki, belə bir qanunun qəbulu milli mentalitetimizə, ailə dəyərlərimizə ziddir və qanunun qəbulu boşanmaların sayını artıracaq.

Qanunun lehinə olanlar isə hesab edir ki, qanunun qəbulu ilə ailə daxilindəki zorakılıq faktları ört-basdır edilməyəcək, zorakılığa məruz qalanlar ciddi cəzalandırılacaqlar.

Qanun ailədaxili münasibətlərin tənzimlənməsini və ailədaxili zorakılığın qarşısının alınmasını nəzərdə tutur. Qanunda zorakılığa məruz qalmış ailə üzvünə hüquq-mühafizə orqanlarına müraciət etmək imkanı verilir.

2001-ci ildən məişət zorakılığı ilə bağlı problemlə məşğul olan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bu qanunun qəbulunu vacib sayır.

Azərbaycanda məişət zorakılığının dörd - fiziki, psixoloji, iqtisadi və seksual növünün olduğunu deyən Əzizova onlardan yalnız fiziki və psixoloji zorakılığın daha geniş yayıldığını vurğulayıb.

Onun sözlərinə görə, ailələrdə qadınlara qarşı zorakılıq yalnız ər tərəfindən deyil, ata, baldız, qayınana tərəfindən də törədilir.

Məhkum qadınların böyük əksəriyyətinin həyat yoldaşını qətlə yetirdiyinə görə cəzalandığını diqqətə çatdıran ekspert bildirib ki, bu cinayətlərə ailədaxili zorakılıq səbəb olub. "Ailələrdə ər-arvad arasındakı münaqişələr son nəticədə qadınların cinayətə əl atmasına gətirib çıxarır. Qadın evdə təhlükəsizliyini təmin edə bilmir. Zorakılığa, işgəncəyə məruz qalan qadın isə nadir hallarda hüquq-mühafizə orqanlarına müraciət edir. Hüquq-mühafizə orqanları problemi ailədaxili problem kimi qəbul etdiyindən qadınların şikayətləri araşdırılmır, tərəflərə barışıq təklif edilir",-deyə Əzizova bildirib.

"Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulu ilə ailələrin dağılması, boşanması hallarının artacağı fikrində olanlarla razılaşmayan ekspert hesab edir ki, bu qanunun qəbulu ailələrin möhkəmlənməsinə səbəb olacaq. Onun fikrincə, kişilər xanımına, övladına qarşı bir cavabdehlik hiss edəcək və bu sahədə hüquq pozuntularının sayı azalacaq.

O hesab edir ki, məişət zorakılığı ilə mübarizənin qarşısını almaqla insan alveri, fahişəlik və digər problemlərin də həlli mümkündür. "Apardığımız arasdırmalar zamanı məlum olub ki, fahisələrin əksəriyyəti uşaq vaxtı ailədə zorakılığa məruz qalıblar",-deyə Əzizova bildirib.

Qanunun qəbuluna ehtiyac görməyən MM-in İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova hesab edir ki, Azərbaycan qanunvericiliyində zorakılığın qarşısını almaq üçün kifayət qədər müddəalar var. "Qanunvericiliyə dəyişikliklər etməklə də problemi həll etmək olar",-deyə millət vəkili vurğulayıb.

Ailələrdə zorakılıq faktlarının olduğunu və son vaxtlar bu faktların artdığını inkar etməyən millət vəkilinin qənaətinə görə, ailədaxili münasibətlər sırf qanunlarla deyil, adətlər, milli-mənəvi dəyərlərlə də tənzimlənir. "Ailələrdə tək ərlə deyil, baldız, qayınana ilə münasibətlərdə də problemlər var. Bu münasibətləri tək qanunlar tənzimləmir. Azərbaycan ailəsinin öz qanunları var və bu qanunlar on illərlə formalaşıb. Kiməsə qarşı işgəncə, zorakılıq olarsa, bu zaman qanunlar işə düşür. Ailədaxili münasibətlərdə qanunun gücü çatmayan məqamlar var. Qadin ona qarşı zorakılıqdan şikayət etmirsə, buna qanun nə etməlidi. Bu zaman mənəviyyat qanunları hərəkətə keçir",-deyə millət vəkli bildirib.

Qanunun qəbuluna tələsməməyi tövsiyə edən Aslanova hesab edir ki, ilk olaraq adət-ənənələrimizi bərqərar etməliyik, nüfuz sahibi olan ağsaqqal, ağbirçəklərimizi dinləməliyik. Belə olarsa, boşanmalar da azalar.

Millət vəkili qanun qəbul olunacağı halda, bunun ailə institutuna mənfi təsir edəcəyi qənaətindədir.

Qanun layihəsinin təqdim olunmuş variantda qəbulunun əleyhinə olan millət vəkili Musa Quliyevin sözlərinə görə, təqdim olunan layihə Avropa ailə modeli üçün uyğundur. "Azərbaycan üçün uyğun model hazırlanmalıdır və mən bu modelin tərəfdarıyam",-deyə millət vəkili bildirib.

Onun fikrincə, layihədə ailədaxili zorakılığın anlayışı tam verilməyib, zorakılığın hədləri tam müəyyənləşməyib. "Bu qanunla ailədəki istənilən psixoloji durumu zorakılıq kimi tövsif etmək olar. Ata uşağına hirslənərsə, övladının seksual həyatı ilə maraqlanarsa, bu zorakılıq kimi tövsif oluna bilər. Bu qanun qəbul edilərsə, ailədə hər kəs bir-biri ilə vəkil vasitəsilə danışmalı olacaq",-deyə Quliyev vurğulayıb.

Layihədə zorakılıqa məruz qalanlar üçün sığınacaq yerlərinin açılacağı və zorakılıq qurbanlarının həmin sığınacaq yerlərində 30-180 gün qala bilmələri qeyd olunub.

Bu maddə ilə razılaşmayan millət vəkili həmin sığınacaqlarda yaşayan qadınların ailəyə qayıtma ehtimalının sıfıra bərabər olduğu qənaətindədir.

Onun fikrincə, qanunla bütün ailələrdəki münasibətləri tənzimləmək olmaz. "Hər ailənin öz fərqli xüsusiyyətləri var. Bu qanunun qəbulu övlad-valideyn, ər-arvad münasibətlərini dəyişdirəcək"-deyə Quliyev vurğulayıb.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, qanun hazırlanarkən dünyəviliklə milli-mənəvi dəyərlər vəhdət şəkildə götürülməlidir. Qanunun qəbuluna ehtiyac olduğunu deyən komissiya sədri hesab edir ki, Azərbaycan cəmiyyəti indi buna hazır olmasa da, bir neçə ildən sonra reallıq bunu tələb edəcək.

Millət vəkili bildirib ki, uşağını, arvadını döyənlərə, işgəncə verənlərə qarşı cinayət və mülki qanunvericiliyimizdə cəza nəzərdə tutulur. "Amma bu cinayətlərin böyük əksəriyyəti ört-basdır edilir. Ailələrdə baş vermiş zorakılıq, işgəncə sonda ölümlə nəticələnir. Bu qanunun bu baxımdan qəbuluna ehtiyac var",-deyə komissiya sədri bildirib.

Martın 31-də Milli Məclisdə Avropa Şurasının  "Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə" kampaniyasına həsr edilmiş parlament dinləmələri oldu. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının  təşkil etdiyi "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusundakı dinləmələrdə millət vəkilləri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti