Azərbaycan, Bakı, 01 may / Trend , müxbir S.İlhamqızı/ Məşvərət məclisində əməkdaşlıq edən beş müxalifət partiyasının prezident seçkisində bir-birinə güzəşt getməsi gözlənilmir.
"Biz artıq vahid namizəd, vahid blok məsələsini gündəmdən çıxarmışıq" - deyə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Trend a açıqlamasında bildirib.
Azərbaycan Naminə İctimai Forum, ADP, AMİP, Tərəqqi və Müsavat partiyaları ötən ildən başlayaraq mütəmadi toplanaraq məşvərət aparırlar. "Beşlər"dən Müsavat Partiyasının başqanı İsa Qəmbər, ADP sədri Cəlaloğlu bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində namizəd olacaqlarını artıq bəyan ediblər. Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun da prezidentliyə namizəd olacağı gözlənilir. AMİP və Tərəqqi partiyaları hələlik namizədlərini rəsmən irəli sürməyiblər.
Cəlaloğlunun sözlərinə görə, ADP digər müxalifət partiyaları ilə danışıqlar aparıb və heç biri müxalifətin vahid namizədini müəyyənləşdirmək məsələsində razılığını bildirməyib: "Heç kəs müxalifətin vahid namizədinin irəli sürülməsinə, bir namizəd ətrafında blok yaradılmasına ehtiyac görmür. Ona görə şəxsən mən bu qənaətə gəldim ki, nəyə görə ADP kiməsə dəstək verməlidir? ADP seçkidə öz namizədi ilə iştirak edəcək və indiki halda kiməsə dəstək verəcəyi gözlənilmir".
Onun sözlərinə görə, "beşlər" daxilində də partiya liderlərindən birinin digərinə güzəştə getməsi müzakirə olunmur. "Beşlər" yalnız prezident seçkisində bir-birinə yardım göstərmək, seçki prosesinə ümumi nəzarət etmək, mühüm siyasi proseslərlə bağlı vahid mövqedən çıxış etmək barədə razılığa gəliblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]