Azərbaycan, Bakı, 10 may / Trend / Azərbaycanın prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Bakıda Heydər Əliyev Sarayında təşkil olunmuş gül bayramında iştirak etmişdir.
Dövlət başçısı tədbirə xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, qızı Arzu ilə gəlmişdir.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postamentdə güllərdən buta hörülmüşdü.
Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçək içindəki parkın gözəlliyini seyr etdilər.
Müxtəlif çiçəklərdən yığılan "xalçada" türk dünyasının böyük oğlu Heydər Əliyevin portreti, "Ulu öndərin 85 illik yubileyi" sözləri yazılmışdı. Cürbəcür çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan və göz oxşayan rəngarəng kompozisiyalar, dövlət rəmzləri buraya gələnləri heyran qoyurdu. Bir sözlə, fəvvarələrin yan-yörəsindən tutmuş hər tərəf bir-birindən gözəl, gözoxşayan, bahar təravətli, gül-çiçək içində idi. İncəsənət ustalarının təqdim etdikləri konsert proqramı bayram ovqatını daha da yüksəldirdi.
Dövlətimizin başçısı və ailə üzvləri parkı gəzdilər, "Dibçəklər kompozisiyası"na maraqla tamaşa etdilər. Piramida formasında olan kompozisiya bir-birini təkrarlamayan 85 bitki növündən ibarət dibçəklərdən qurulmuşdu. Güldən hazırlanmış müxtəlif mənzərələr, original lövhələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurdu.
Prezident İlham Əliyev parka toplaşan sakinlərə yaxınlaşaraq onlarla görüşdü. Paytaxt sakinləri ulu öndərin doğum günü - 85 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik etdilər, ümummilli liderin tarixi xidmətlərini xatırlatdılar.