...

Sudanda üsyanlar ölkəni parçalaya bilər - Trend News-un icmalçısı

Siyasət Materials 15 May 2008 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir D.Xatınoğlu/ Sudanın qərbində - Darfur bölgəsində baş verən üsyanların paytaxta qədər gəlib çıxması cənub regionunun da tezliklə müstəqilliyini elan etməsi ilə nəticələnəcəyi ehtimalı böyükdür.

Darfurda fəaliyyət göstərən Afrika əsilli Ədalət və Bərabərlik Hərəkatı "JEM" (Justice and Equality Movement) fəallarının ilk dəfə paytaxt Xartuma yaxınlaşması ölkədəki digər müxalif qüvvələri də mərkəzi hakimiyyətə qarşı üsyana təhrik edəcək.

1956-ci ildə müstəqilliyini əldə etmiş Sudanda indiyədək (1972-83-ci illəri çıxmaqla) tez -tez daxili münaqişələr baş verib. Xüsusilə, cənub və qərb regionlarının prezident Ömər əl-Bəşirə qarşı üsyanları, ABŞ-ın 2006-cı ildən bəri Sudana tətbiq etdiyi iqtisadi sanksiyalar və qonşu Çad hökuməti ilə yaranmış münaqişə Sudan hökümətinin zəifləməsinə səbəb olub.

BMT-nin aprel ayına olan son hesabatına əsasən, son beş ildə Sudan hakimiyyətinin Darfurda törətdiyi soyqırım nəticəsində 300 min nəfər həlak olub, milyonlarla insan ev-eşiyindən didərgin düşüb. Sudanın BMT-dəki nümayəndəsi Mahmud Əbdülhəlim bu qurumun apreldə keçirilmiş iclasında Darfurda ölənlərin sayının 10 min nəfər olduğunu bildirsə də, ölkəsini sanksiyalardan qorumağa nail ola bilməyib.

JEM üsyançılarının son bir həftə ərzində paytaxta yaxın Om Durman qəsəbəsinədək irəliləməsinin qarşısı alınıb. Buna baxmayaraq, hərəkatın rəhbəri Xəlil İbrahim dünən Reuters-ə verdiyi müsahibədə "hökumət devrilənə qədər üsyanları davam etdirəcəyini" bildirib. Prezident əl-Bəşir Sudan televiziyası ilə çıxışında İbrahimin başına 2 500 000 dollar pul qoyduğunu elan edib. Prezident Om Durmanda 400 üsyançının və 100 nəfər dinc əhalinin həlak olmasına görə qonşu Çad hakimiyyətini ittiham edib: o, Çad hakimiyyətini JEM-i himayə etməkdə günahlandırır. Buna görə də ölkəsinin Çadla diplomatik əlaqələrini kəsdiyini bəyan edib.

Sudanda daxili hərbi toqquşmalara son qoyulmasının əsas səbəbi hər hansı bir bitərəf xarici dövlətin üsyançılarla hakimiyyət arasında vasitəçilik etməməsidir. XX əsrin əvvəllərində milli hərəkatın başçısı Mehdi Sudanın Britaniya işğalçılarına qarşı mübarizəsi ölkəsinin müstəqillik qazanması ilə nəticələndi. Lakin az sonra Xartum Misir-Britaniya koaliasiya qüvvələri tərəfindən işğal olundu. 2005-ci ildə isə, Çad-Sudan müharibəsi başlandı. Digər tərəfdən, Sudan üsyançıları liderlərinin əksəriyyəti Liviyada fəaliyyət göstərdiyindən, 2005-ci ildə Liviyanın da JEM ilə rəsmi Xartum arasında vasitəçiliyi gözlənilən nəticəni vermədi. Afrikanın ən böyük ölkəsi olan Sudan səkkiz ölkə ilə qonşu olsa da, vasitəçilərin yoxluğu ölkədə daxili böhranın dərinləşməsi ilə nəticələnib. Əl-Bəşirin problemi yalnız JEM-lə məhdudlaşmır. 2005-ci ildə Sudanın cənubundakı üsyançılarla mərkəzi hakimiyyət arasında 6 illik atəşkəs əldə olunub. Tərəflər arasındakı razılığa əsasən, 6 ildən sonra Sudanın cənub bölgəsində BMT-nin nəzarəti altında referendum keçirilməlidir. Əhalinin əksəriyyəti müstəqilliyin tərəfdarı olsa, mərkəzi hökumət bu regionun müstəqilliyini rəsmən tanıyacağına dair öhdəlik götürüb.

Cənub regionu strateji baxımdan Sudan üçün böyük əhəmiyyət kəsb edir. Cənubda yerləşən yataqlarından bir gündə 200 min bareldən çox neft hasil edilir. Əl-Bəşirin 19 illik prezidentliyi dövründə ilk dəfə olaraq məhz indi çox böyük problemlə üzləşməsi cənubdaki separatçıları öz dövlətlərini yaratmağa həvəsləndirir.

İslam ölkəsi kimi tanınan Sudanda hakimiyyətin dini dayaqları da artıq sarsılıb. Dini lider Həsən əl-Turabinin mayın 12-də hökümət qüvvələri tərəfindən bir neçə saatlıq həbs olunması prezident əl-Bəşirin imicinə böyük zərbə vurub. 90-ci illərin əvvəlinədək mərkəzi hökumətin baş ideoloqu hesab olunan Əl-Turabi də bu gün əl-Bəşirə qarşı kəskin müxalif mövqedədir. Digər tərəfdən, o, sabiq JEM rəhbərlərinə dəstək verib, hətta Xəlil İbrahim uzun müddət onun müridi olub. JEM-in rəhbəri İbrahim bildirib ki, hakimiyyət, ölkənin qərbindəki yerli afrikalılara qarşı soyqırım törədilməsi məqsədilə, Darfur ərəblərini silahlandırıb.

Darfur afrikalılarının müsəlman ola - ola soyqırıma məruz qalmasına Sudandakı ərəb əsilli müsəlmanları hiddətləndirib. Hazırda Afrika-Avropa sülhməramlı qüvvələrinin 26 min hərbçisinin Sudanda yerləşdirilməsi ilə bağlı BMT-nin təklifi yeganə çıxış yolu hesab edilsə də, əl-Bəşirin bunun qəti əleyhinədir.

Xəbər lenti

Xəbər lenti