Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifəti hesab edir ki, Avropa Şurasına üzv olduqdan sonra, Azərbaycan demokratiya tarixində daha da geriləyib. "Avropa Şurası, ATƏT siyasi qumarla məşğuldurlar" - bu fikirlər bazar ertəsi "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazovun təşkilatçılığı ilə keçirilən dəyirmi masada səslənib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra, ölkədə jurnalistlər həbs olunmağa başlayıb, sərbəst toplaşmaq daha da məhdudlaşdırılıb. Bir sözlə, Azərbaycan demokratiya sahəsində daha da geriləyib. O, əlavə edib ki, bu qurumlar bir addım irəli iki addım geri prinsipi ilə hərəkət edirlər. O həmiçinin bəyan edib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər kifayət qədər qeyri-demokratik olsa da, nə Avropa Şurası, nə də ATƏT buna münasibət bildirmir.
Dəyirmi masada çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, Azərbaycan xalqı müxalifətə inamını itirib. İndi müxalifət daha çox kimin prezident olacağı istiqamətində deyil, birləşmək istiqamətində fəaliyyət göstərməlidir. "Azərbaycan xalqı kifayət qədər aktvidir, sadəcə, müxalifət içərisində elə bir adam yoxdur ki, müxalifəti birləşdirsin və xalqa bəyan etsin ki, seçkiyə birgə gedirik"- Cəfəroğlu əlavə edib.
Namazov da etiraf edib ki, Azərbaycanda müxalifət düşərgəsi kifayət qədər parçalanıb və belə tədbirlərin məqsədi də müxalifətin ümumi rəyini ifadə etməkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]