Azərbaycan, Bakı, 20 may/ Trend , müxbir S.Ağayeva/Bolqarıstan Avropa qurumlarına inteqrasiya yolunda Azərbaycana yardım göstərməyə hazırdır. Bu barədə çərşənbə axşamı Bolqarıstan Xalq Məclisinin (parlamentinin) sədri Georgi Pirinski Sofiyada, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşdə bildirib.
Pirinskinin sözlərinə görə, Bolqarıstanın Avropa qurumları ilə əməkdaşlıqda zəngin təcrübəsi var və ölkə bu təcrübəni Azərbaycanla paylaşmağa hazırdır. Bu barədə Trend -a Bolqarıstan parlamentindən məlumat veriblər.
Bolqarıstan parlamentinin rəhbəri iki ölkənin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığının vacibliyini vurğulayıb və Qara dəniz regionu və Cənub-Şərqi Avropa arasında münasibətlərin inkişafında qanunverici orqanlarının rolunu qeyd edib.
Parlament rəhbərləri "Demokratiya və İqtisadi Əməkdaşlıq naminə Təşkilat - GUAM" çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bolqarıstn parlamentindən bildiriblər ki, Əsədov GUAM çərçivəsində işçi qrupunun yaradılmasına diqqəti cəlb edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]