Türkiyə, Ankara, 21 may / Trend , müxbir Ə.Tahiroğlu/ Baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi Azərbaycanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti çərşənbə günü Ankaraya səfər edib.
Səfər proqramına Atatürkün məqbərəsi və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin heykəli önünə əklilqoyma mərasimi, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, parlament sədri Köksal Toptan və prezident Abdulla Gül ilə görüşlər daxildir.
Azərbaycanın bü ölkədəki səfiri Zakir Həşimovun əvvəllər Trend -a verdiyi məlumata görə, birgünlük görüşlərdə energetika sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığının perspektivləri nəzərdən keçiriləcək. O bildirib ki, danışıqlar zamanı ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üzrə bütün məsələlərin müzakirə olunması planlaşdırılır.
Tərəflər Bakı-Tbilisi-Ərzrum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, iki ölkə arasında ticarət dövriyyəsi həcminin artırılma imkanlarını nəzərdən keçirəcəklər.
Numayəndə heyətinin tərkibinə Baş nazirin müavini Abid Şərifov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend