Gürcüstan, Tbilisi, 24 may / Trend , müxbir N.Kirtsxaliya/ Bütün Gürcüstanın patriarxı Katolikos İkinci İlyanın iqamətgahında tanınmış azərbaycanlı alim Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayevə Qelati Akademiyasının üzvü diplomununu təqdim edib. Bu haqda Azərbaycanın Gürcüstandaki səfirliyindən Trend -a bildirilib.
Katolikos azərbaycanlı qonağa diplomu təqdim edərkən, Mustafayevin Azərbaycan və Gürcüstan xalqları arasında sülh və dostluğun möhkəmləndirilməsi, elmin inkişafına verdiyi töhfələri qeyd edib. O, alimə elmi fəaliyyətində yeni uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri, professor Namiq Abdullayev inistitutun Rövşən Mustafayevin rəhbərliyi altında qısa müddətdə əldə etdiyi nailiyyətləri qeyd edib.
Qelati Akademiyasının rektoru Mixail Kurdiani qonaqları Akademiyanın işilə tanış edib.
Rövşən Mustafayev Qelati Akademiyasının ilk əcnəbi üzvüdür.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]