...

Azərbaycan parlamenti Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunların dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayır

Siyasət Materials 30 May 2008 02:34 (UTC +04:00)
Azərbaycan parlamenti Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunların dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayır

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti bu gün Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunların dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayır. Bu barədə cümə axşamı Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunlara əlavə və dəyişiklik edilməsi ilə bağlı layihələr Azərbaycan hökuməti tərəfindən hazırlanıb. Avropa Şurası Venesiya Komissiyası layihələrə rəy verib.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsində dövlət tərəfindən maliyyələşdirilən televiziya (AzTV), radio və qəzetlərdə prezidentliyə namizədlərin pulsuz təbliğat aparması qadağan olunub.

Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliyə əsasən, seçkilər zamanı hərbi hissələrdə seçki məntəqələrinin yaradılması ləğv olunacaq. Dəyişikliyə əsasən, ə hərbi hissə seçki məntəqəsindən çox uzaqda yerləşmirsə, hərbçilər də orada səs verəcəklər. Hansı yerlərdə hərbi hissə seçki məntəqəsindən uzaqda yerləşirsə və hərbçiləri ora gətirmək çətindirsə, həmin hərbi hissələrdə məntəqələr yaradılacaq.

Əvvəlki Seçki Məcəlləsinə əsasən, hərbçilər yalnız hərbi hissələrdə səs verirdilər. Hərbi sirr olduğuna görə, hərbi hissələrdəki seçicilərin sayı açıqlanmırdı. Beynəlxalq təşkilatlar və Azərbaycan müxalifəti hərbçilərin səsvermə prosedurunun dəyişidirilməsini tələb edirdilər.

Hərbi hissələrdə olan seçicilərin adı mülki vətəndaşların seçici siyahısına daxil ediləcək. Məsələn, Bakı şəhərində yerləşən hərbi hissələrdə seçki məntəqələri yaradılmayacaq. Əsasən, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə seçki məntəqələri yaradılacaq.

Başqa bir dəyişikliyə əsasən, qeydiyyatdan keçən müşahidəçilərə hərbi hissələrdə seçki prosesini izləməyə imkan veriləcək.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklər layihəsində şəhər və rayon icra hakimiyyətlərinin yerləşdiyi binaların qarşısında aksiyaların keçirilməsi qadağan olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti