...

NATO vəzifələrinin öhdəsindən gəlir, lakin bütün problemləri həll etmir - ekspertlər

Siyasət Materials 18 İyun 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir E.Tariverdiyeva/ Beynəlxalq ekspertlər hesab edirlər ki, NATO üzərinə qoyulan vəzifələrin öhdəsindən gəlir, lakin bir sıra problemləri həll etmir.

"Medvedyev belə düşünsə də, yalnız NATO strateji cəhətdən Avropanın gələcək təhlükəsizliyi üçün zəruri strukturdur", - deyə təhlükəsizlik üzrə avropalı ekspert Tomoyuki Haşimoto (Tomoyuki Hashimoto) hesab edir.

Rusiya Federasiyasının prezidenti bu yaxınlarda Almaniyaya səfəri zamanı Ümumavropa sammitinin təşkili və Avropanın təhlükəsizliyinə dair yeni hüquqi icbari sənədin hazırlanması ideyasını səsləndirib. Medvedyevin rəyinə görə, NATO Avropanın təhlükəsizlik məsələlərini həll etmir və Şimali Atlantika Alyansının Avropada hərbi məqsədlərini genişləndirməyəcəyinə dair zəmanət yoxdur.

"Mənim Avropada təhlükəsizlik sisteminin universal olmasını hesab etməyimə əsas yoxdur. NATO-ya gəldikdə isə, Avropanın təhlükəsizlik məsələsinin həllinə NATO lazım olmayacaq", - deyə RF prezidenti Rusiya Mətbuatının Ümumdünya Konqresi iştirakçılarının suallarına cavab verərkən bildirib.

NATO-nun Baş katibi Yap de Hoop Sxeffer Rusiya prezidenti Medvedyevin Avropa qitəsinin təhlükəsizliyinin təmin edilməsində Şimali Atlantika Alyansının roluna dair rəyi ilə razı deyil. "Mən bu tənqidi qiymətləndirmə ilə razı deyiləm - o, öz təsdiqini tapmayıb", - deyə NATO rəhbəri cümə günü Brüsseldə müdafiə nazirləri səviyyəsində keçirilən Rusiya-NATO Şurasının iclasının yekunu üzrə bildirib.

Haşimoto hesab edir ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlük mövzusu ilə bağlı diplomatik möhtəkirliyini nəzərə alsaq, Medvedyevin NATO-ya dair bəyanatı siyasi jestin bir hissəsi ola bilər. "NATO zəruridir, ayrıca "Avropa ordusu"nun yaradılması ideyası bir tərəfə aparmır. Əlbəttə, hər bir Milli Avropa ordusu dünyadakı orduların əksəriyyətindən daha yüksək standartlara malikdir. Bununla belə, müharibənin aparılması üzrə adi ənənəvi üsullar təhlükəsizliyin girovu deyil, çünki təhlükənin yeni forması meydana gələ bilər və eyni zamanda, "Terrorçuluqla mübarizə" xüsusi problemə çevrilir", - deyə Dünya Beynəlxalq Elmləri Assosiasiyasının NATO üzrə mütəxəssisi Haşimoto çərşənbə axşamı elektron poçt ilə Trend a bildrib.

O hesab edir ki, bu məsələdən çıxış edərək, siyasi üstünlük milli suverenliyə deyil, multi-milli Avropanın nəzarətinə verilir ki, bu da Avropa ordusunun yaradılması prosesini çətinləşdrir.

Ekspertin sözlərinə görə, NATO, sözsüz ki, Avropada təhlükəsizlik boşluğunu doldurur. "Kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla, onun strateji aktivləri Avropa təhlükəsizliyi üçün mühüm həyati əhəmiyyətə malikdir. Belə olan halda, Avropa İttifaqı, həmçinin, Qərbi Avropa İttifaqı NATO-nun Avropa təhlükəsizliyindəki əsas roluna can atır", - deyə Haşimoto bildirib. Buna baxmayaraq, politoloq hesab edir ki, analoji arqumenti NATO üçün də gətirmək olar: NATO ənənəvi hərbi əməliyyatlara hazır olan təşkilatdır. Soyuq müharibə və ya Fars körfəzində müharibə hallarında Alyans, demək olar ki, həmişə Avropanı nüvə müharibəsi təhlükəsinə məruz qoyaraq ənənəvi çıxış edib. Haşimoto güman edir ki, NATO terrorçuluqla mübarizəyə hazır deyil və ola bilsin ki, Medvedyevin sözlərində məntiq var. O əlavə edib ki, lakin bu o demək deyil ki, digər ölkə və təşkilatlar təhlükəsizliyin təmin edilməsi üçün böyük imkanlara malikdir.

Politoloqun rəyinə görə, NATO-nun dünya üzrə insan resursları və idrakının təchiz edilməsi şəbəkəsinə malik olması mühümdür. "NATO yeni Avropa problemlərini həll etməyəcək, lakin yenə də bu təşkilat böyük potensiala malikdir. NATO sülh və hərb anlayışı siyasi, iqtisadi, hərbi və ümumbəşər rakursdan açıq olan daha universal təşkilata çevrilməlidir.

Təhlükəsizlik problemləri üzrə Avropa eksperti Kamil Zvolskinin (Kamil Zwolski) rəyinə görə, Rusiya prezidentinin NATO-nun təhlükəsizlik məsələlərinin həllinin qarantı olmaması ilə əlaqədar bütün Avropa ölkələrinin Avropa təhlükəsizliyi haqqında yeni müqavilə hazırlamalarını təklif etməsi üçün əlverişli vaxt deyil.

"Medvedyev öz təşəbbüsü ilə İrlandiyada keçirilən referendumdan bir az əvvəl çıxış edib. Burada keçirilən referendumda üstünlük təşkil edən əksəriyyət Avropa İttifaqı institutlarının dəyişdirilməsi üzrə Lissabon Müqaviləsinin əleyhinə səs veriblər. Yaxın aylarda (ola bilsin, yaxın illərdə) Aİ öz səylərini onun mahiyyəti və mövcudluğunun əsasları arasında böhranın həll edilməsində cəmləşdirəcək", - deyə Salford Universitetinin (Birləşmiş Krallıq) Avropa İttifaqı və beynəlxalq təhlükəsizlik sahəsində tədqiqatçısı Zvolski çərşənbə axşamı eletron poçtla Trend -a bildirib.

Ekspert güman edir ki, Rusiya prezidenti noyabrda seçiləcək ABŞ - ın yeni prezidenti ilə əməkdaşlıq üçün ikimənalı çərçivələr yaradır. Medvedyev, bir tərəfdən, söyləyir ki, bəli, biz ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etmək istəyirik. Digər tərəfdən, o, yeni prezidentdən ABŞ-ın Avropadakı siyasətini dəyişdirməyi tələb edir. Zvolski hesab edir ki, bu tələb tamamilə və de-fakto ABŞ-ın Avropada iştirakının ümumiyyətlə lazım olmadığına dəlalət edir.

Politoloqun Rusiya prezidentinin fikrinə dair rəyinə görə, Avropada artıq qəbul edilib ki, 21-ci əsrdə təhlükəsizlik geniş xarakter daşıyır və çoxtərəfli cavab tədbirləri tələb edir. Bu fakt artıq 2003-cü il Avropa təhlükəsizlik strategiyasında öz əksini tapıb və çox ehtimal ki, bu sənədin 2008-ci ilin sonunda yenidən nəzərdən keçiriləcək variantında daha çox vurğulanacaq.

Politoloq hesab edir ki, enerji ehtiyatlarına sabit çıxışın təmin edilməsi yaxın gələcəkdə Avropa üçün təhlükəsizlik sahəsində daha kəskin problemlərdən biri olacaq. Bu, Rusiyanın da həlledici rol oynadığı sahədir. "Medvedyevin xaricə birinci səfəri Qazaxıstana edilib və buna səbəb var: Astana Moskvanın Xəzər hövzəsinin enerji ehtiyatlarına hakimlik strategiyasında vacib həlqədir. Eyni zamanda, Aİ və ABŞ Zaqafqaziyanı, Rusiyanın iştirakını məhdudlaşdıraraq, Avropaya enerji tədarükünün diversifikasiyasına səbəb olacaq Trans- Xəzər boru kəməri layihəsinə başlamağa çağırır", - Zavolski hesab edir.

2008-ci ilin iyununda Aİ və Türkmənistan enerji məsələləri üzrə "Anlaşma Memorandumu" imzalayıb. Aİ gələcəkdə bu memorandumu hüquqi baxımdan daha çox möhkəmlənmiş sazişə çevirməyə ümid edir.

Ekspert əlavə edib ki, artıq 2007-ci ildə rusların Şimal qütbünə öz bayraqlarını sancmaları ilə əlaqədar fikir ayrılıqları yaranıb. "Avropa Şurasının 2008-ci ilin martında Brüsseldə yüksək səviyyədə keçirilən görüşündə bəyan edilib ki, qütb buzlarının əriməsi böyük karbohidrogen yataqlarına çıxış yaradır. Bu bəyanat enerji ehtiyatları uğrunda mübarizədə rəqabəti daha da sürətləndirə bilər", - politoloq söyləyib.

Zavolskinin rəyinə görə, Avropanın bütün ölkələrini və Rusiyanı əhatə edən təhlükəsizlik paktının yaradılması fikri çox alicənabdır. Belə ki, beynəlxalq siyasət üçün vacibdir ki, dövlətlər təhlükəsizlik məsələlərində rəqabət aparmasınlar və əməkdaşlıq etsinlər.

"Lakin Rusiyanın geosiyasətini və Avropanın müasir təhlükəsizlik problemləri anlayışını nəzərə alaraq, belə fikir, çətin ki, yaxın illərdə realizə olunsun"- deyə o əlavə edib.

Rusiyalı ekspetr Qleb Pavlovskinin rəyinə görə, Medvedyevin tənqidi ondan xəbər verir ki, NATO-nun həll etməli olduğu real problemlər mövcuddur, lakin təşkilat bunların öhdəsindən gələ bilmir.

"Belə problemlərə misal olaraq, Avropa məkanının cənubdan mümkün nəzəri zərbələrdən raket əleyhinə təhlükəsizlik problemini aid etmək olar", - deyə cümə axşamı Trend a Səmərəli Siyasət Fondunun prezidenti Pavlovski bildirib.

Onun sözlərinə görə, ABŞ NATO ilə, ümumiyyətlə, məsləhətləşmədən birtərəfli təhlükəsizlik sistemi qurur, daha doğrusu, onlar NATO-ya üzv dövlət kimi, ölkəsinin və bəzi xüsusi müttəfiqlərinin raket əlayhinə müdafiə məsələlərində bu bloka etibar etmir. "Bu, adı çəkilən blokun yüksək səmərəsizlik səviyyəsindən xəbər verir, belə çıxır ki, ABŞ hansısa naməlum səbəblərdən bu problemi NATO daxilində həll edə bilmir və ya həll etmək istəmir. Lakin blok məhz təhlükəsizlik məsələlərinin həlli üçün mövcuddur", - deyə Pavlovski bildirib.

"Prezident Medvedyev faktiki olaraq NATO çərçivəsinə düşməyən təhlükəsizlik problemləri sinfindən danışır, o, NATO-nun daxili struktrunu tənqid etmir. Söhbət təhlükəsizlik məsələlərindən gedir və hər bir ölkə üçün bunlar praktiki məsələlərdir - həm Rusiya, həm Azərbaycan və həm də bütün ölkələr üçün təhlükəsizlik məsələləri, bir qayda olaraq, prioritetdir", - deyə o bildrib.

Onun sözlərinə görə, Medvedyev həm də, bir tərəfdən, yeni regionlara - məsələn, Qafqazda Gürcüstana, Ukraynaya, Şərqi və Cənub-Şərqi Avropaya genişlənmək istəyən bir təşkilatın olmasına, eyni zamanda da bu təşkilatın təhlükəsizlik msələlərini həll edə bilməməsinə nəzər yetirir.

Politoloqun rəyinə görə, belə çıxır ki, hazırda bu təşkilat bu günə qədər olmayan əlavə risklərin mənbəyinə çevrilir. "Bu, təhlükəli vəziyyətdir və Medvedyev NATO problemlərinin müzakirəsini deyil, həm NATO-ya daxil olan ölkələr, həm də NATO-ya daxil olmayan ölkələr üçün Avropa təhlükəsizliyinin müzakirəsini təklif edir", - deyə Pavlovski əlavə edib.

NATO bloku 1949-cu il aprelin 4-də Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsinin əsasında yaradılıb. 2007-ci il üçün NATO-nun tərkibinə 26 dövlət daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti