...

Azərbaycanda melanj artıq yoxdur

Siyasət Materials 25 İyun 2008 13:26 (UTC +04:00)
Azərbaycanda melanj artıq yoxdur

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir S.Ağayeva/ NATO ilə birgə həyata keçirilən layihənin reallaşdırılması nəticəsində Sovet ordusu dövründən Azərbaycan ərazisində qalan "melanj" tipli raket yanacağı komponenti məhv edilib.

"Layihə çərçivəsində Ələt qəsəbəsi və Mingəçevirdə tikilən zavodlarda 1200 ton melanj məhv edilib", - deyə Azərbaycan Elmlər Akademiyasında keçirilən görüş zamanı NATO Baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Byuro bildirib.

"Layihənin uğurla reallaşdırılması Azərbaycan və NATO arasında yaxşı əməkdaşlığın olmasından xəbər verir", - deyə Byuro vurğulayıb. O qeyd edib ki, alyans gələcəkdə Azərbaycanda texniki problemlərin həlli, transsərhəd çaylar və Xəzərin monitorinqi üzrə bir sıra layihələr həyata keçirməyi planlaşdırır.

Raket oksidləşdiricisi "melanj" - bir çox kimyəvi kompanentlər ilə azot turşusunun qatışığıdır. Ötən əsrin 50-60-cı illərində bunu raket yanacağına əlavə edirdilər. Melanj mineral gübrə istehsalı zamanı və hərbi sənayedə tətbiq edilir.

Azərbaycan NATO ilə 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edir və NATO standartlarına keçid üzrə hərbi islahatları fəal şəkildə həyata keçirir.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir. Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq üzərinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir.

Ekspertlər güman edirlər ki, Gürcüstan və Ukraynadan sonra Azərbaycan NATO-nun üzvlüyünə namizəd olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti