...

Azərbaycanın preztdenti Etnoqrafiya Muzeyinin yaradılması barədə sərəncam imzalayıb

Siyasət Materials 11 İyul 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/ Trend / Prezident İlham Əliyev cümə günü Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması barədə sərəncam imzalayıb. Trend -un məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan etnoqrafik baxımdan rəngarəngliyi ilə səciyyələnən qədim bir diyardır. "Əlverişli təbii şərait və coğrafi mühitin müxtəlifliyi bəşər sivilizasiyasının ilk ocaqlarından hesab edilən bu ərazidə ənənəvi mədəniyyətin komponentlərinin hərtərəfli inkişafına zəmin yaradaraq, yurdumuzu etnoqrafik incilər xəzinəsinə çevirib. Azərbaycanın özünəməxsus koloriti ilə seçilən tarixi-etnoqrafik bölgələri əsrlər boyu qarşılıqlı vəhdətdə unikal milli mədəniyyətin formalaşmasına təsir göstərib. Bütün bunlar yerli əhalinin keçmişini və bugününü özündə yaşatmaqla, onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, həmçinin, xalq yaradıcılığı formalarının dolğun mənzərəsini canlandıran Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili zərurətini meydana çıxarı" - deyə sərəncamda vurğulanır. Sərəncama əsasən, Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyi yaradılacaq. Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin etnoqrafiyanın və muzeyşünaslığın müasir tələblərinə uyğun fəaliyyətinə dair təkliflərini dörd ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir. Mədəniyyət və Turizm Nazirliyi İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə, bölgələrin tarixən təşəkkül tapmış etnoqrafik xüsusiyyətləri nəzərə alınmaqla, Etnoqrafiya Muzeyinin kolleksiyalarla və ekspozisiya üçün zəruri olan digər materiallarla təchizatını təmin etməlidir. Sərəncamda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili üçün müvafiq sahənin ayrılmasına dair təkliflərini bir ay müddətində təqdim etmək tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti