...

Suriyanın Livanla münasibətlərinin bərpası İsrail-Suriya arasında sülh prosesinin tərkib hissəsidir - Trend News-un icmalçısı

Siyasət Materials 23 İyul 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir D.Xatınoğlu/ Suriya XİN başçısı Vəlid əl-Müəllimin iyulun 21-də Beyruta səfər etməsi iki ölkə arasında diplomatik əlaqələrin üç ildən sonra yaranması üçün başlanğıc addım olub. Lakin bu münasibətlərin davamı rəsmi Dəməşqin Livanın ərazi bütövlüyünü rəsmən tanımasından asılıdır. Bu problem həll olunmayınca, İsrailin Colan təpələrini Suriyaya qaytarma ehtimalı da yoxdur.

İsrail 1967-ci ildə, altı günlük müharibədə Şəba (Shebaa Farms area) torpaqlarını Suriyanın Colan təpələrilə bərabər işğal edib. Suriya indiyədək Şəba torpaqlarının Livana məxsus olmasını qəbul edib, lakin sərhədlərini Livanla müəyyənləşdirməyə hazır deyil. Dəməşq Şəba ərazisini Livan torpağı kimi qəbul etməklə "Hizbullah" silahlı təşkilatının fəaliyyətini davam etdirmək niyyətindədir, çünki "Hizbullah" 1982-ci ildə Şəba torpaqlarını İsraildən geri almaq məqsədilə silahlanıb və bu torpaqlar Livana qaytarıldığı zaman təşkilat silahlarını Livan hakimiyyətinə təhvil verəcəyini vəd edib.

Suriya Şəbadan imtina etməyə hazırdırmı?

Əslində, indiyədək Suriya "Hizbullah" təşkilatından Livandakı nüfuzunu artırmaq və İsrailə qarşı təzyiq göstərmək məqsədilə istifadə edib. Hizbullah 2005-ci ildə, 33 günlük müharibədə İsrailə böyük zərbə endirdi və 2008-ci ilin may ayında ölkə daxilində qanlı üsyanlarla dövlət çevrilişi etməyə çalışdı. İsrail "Hizbullah"ı zərərsizləşdirmək üçün Şəba torpaqlarını Livana qaytarmağa məcburdur, lakin Suriya həm Livandan, həm də İsraildən müəyyən güzəştləri almayınca buna razı olmayacaq. Suriya 29 il Livanda qoşun saxladıqdan və nüfuzunu qoruduqdan sonra, Livan Baş naziri Rəfiq Həririyə qarşı terrorda ittiham olunaraq, 2005-ci ildən etibarən bu ölkədən qoşunlarını çıxarmaq məcburiyyətində qalıb. Suriya çalışır ki, Həririyə qarşı terror ittihamı ilə bağlı bəraət qazansın, əks təqdirdə, bu ittihama beynəlxalq məhkəmədə baxılacaq və yüksək vəzifəli Suriya rəsmilərinin məhkəmə qarşısında cavab verməsi təhlükəsi realdır. Livan tərəfinin bu məsələdən imtina etməsi şərtilə Suriya rəsmi Beyruta müəyyən güzəştlərə getməyə hazırdır. Məsələn, Suriya Livanla sərhədləri müəyyənləşdirə bilər.

İsrailin BMT Təhlükəsizlik Şurasının 1701 nömrəli Qətnaməsini icra etməsi labuddur, yəni Colan və Şəba torpaqlarını geri qaytarmaqdan başqa çıxış yolu yoxdur. Lakin əgər Suriya Şəbani Livan ərazisi kimi rəsmən tanımasa, "Hizbullah"ın tərkislahı prosesi baş tutmayacaq. Buna görə də Qərb Suriyaya təzyiq göstərir ki, Livanla birbaşa müzakirəyə keçməklə, ortada olan problemləri üz-üzə həll etsin.

Suriya nə qədər ki, İsrailə inanmır, Livanı əmin etməyəcək

Suriya indiyədək dəfələrlə Dəməşq-Təl-əviv müzakirələrinə ABŞ-ın qoşulmasını və sığortasını tələb edib. Görünür ki, Suriyanın özü də Collan təpələrinin qaytarılmasına əmin deyil. Beləliklə, Colan təpələrinin qaytarılması qətiləşməyincə, Suriya-Livan arasında sərhəd məsələsinin qısa zamanda həlli və "Hizbullah"ın tərkislah olunması məsələsi ilə bağlı ehtimal azdır.

"Hizbullah"ın tərkislah edilməsi İsraildən başqa, Livan hakimiyyətinin də maraq dairəsindədir, buna görə də Qərb, İsrail və rəsmi Beyrut bütün vasitələrdən istifadə etməklə Suriyanı razı salmağa çalışacaq ki, Şəba torpaqları Livana verilsin. Suriya isə hələlik ehtiyatlı tərpənərək qısa müddətli taktikaları və üzunmüddətli strateji planları daha məqsədəuyğun hesab edir. Bundan sonra Suriya-Livan arasında müzakirələrin çox hissəsi konkret mahiyyət daşımasa da, Şəba torpaqları ilə bağlı məsələ ətrafında cərəyan edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti