...

"Azərbaycanda prezidentliyə müxalifətdən olan namizədlərə dəstək verməyəcəyik"-partiya sədri

Siyasət Materials 31 İyul 2008 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyası (VHP) prezident seçkilərində iştirak etmək niyyətində olan namizədlərdən heç birini dəstəkləməyəcək. "Müxalifətdən olan mövcud potensial namizədlər indiyə qədər seçkilərdə iştirak edib və onların nəyə qadir olduğunu görmüşük", - deyə cümə axşamı Trend -a VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. VHP-nin Ali Məclisi iyulun 27-də prezident seçkisində öz namizədi ilə iştirak etməmək qərarı verib.

İndiyə qədər Müsavat Partiyasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə qərar verib.

Rüstəmxanlı VHP-nin nə hakimiyyətin namizədini, nə də müxalifətdən olan mövcud namizədləri müdafiə etməyəcəyini bildirib. "Biz iqtidarda olan Yeni Azərbaycan Partiyasının filialına çevrilib onların namizədini dəstəkləyə bilmərik. Eyni zamanda, müxalifətdən olan potensial namizədləri dəstəkləmək niyyətində deyilik. Biz onların nəyə qadir olduğunu bilirik. Ola bilər ki, həmin şəxslər bu seçkidə daha yaxşı proqram ortaya qoysun, amma bu, onların mahiyyətini dəyişmir", - deyən Rüstəmxanlı bildirib ki, müxalifət son illər daha da zəifləyib. Bunun əsas səbəbi özlərini aparıcı hesab edən müxalifət partiyalarının hakimiyyətlə gizli şəkildə əməkdaşlığa getməsi, eyni zamanda paralel olaraq müxalifət daxilində intriqa yaratmaq, bir-birlərini gözdən salmaq istiqamətində fəaliyyət göstərmələridir. "Bütün bunlar o demək deyil ki, biz heç kimi müdafiə etməyəcəyik. Biz seçkidə öz namizədimizlə çıxış etməsək də, seçkini yaxından izləyəcəyik. Elə bir namizəd ortaya çıxa bilər ki, onun mövqeyi VHP-nin mövqeyi ilə üst-üstə düşsün. Seçkiyə az qalmış bu məsələ ilə bağlı konkret mövqeyimizi bildirəcəyik", - deyə o bildirib.

VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb. 3 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınan VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti