Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli indiki mərhələdə prezidentliyə namizədliyini geri götürməyəcək.
"Seçki qərargahında aparılan müzakirələrdən sonra üstün fikir ondan ibarət oldu ki, namizədliyimin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayaq", çərşənbə günü Trend -a Əlibəyli özü bildirib.
Əlibəyli bir həftə əvvəl AXCP Ali Məclisinin sədri vəzifəsindən və partiya üzvlüyündən istefa verib. O, bundan sonra müstəqil şəkildə siyasi fəaliyyət göstərəcəyini bildirərək, prezidentliyə namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının (MSK) ötən həftənin şənbə günü keçirilən iclasında Əlibəylinin prezidentliyə namizədliyi təsdiqlənib.
Bu həftənin bazar ertəsi isə Əlibəyli prezidentliyə namizədliyini geri götürmək niyyətində olduğunu açıqlamışdı.
Əlibəyli vurğulayıb ki, bu məsələ seçki qərargahında geniş müzakirə olunub. "Belə qərara gəldik ki, namizədliyimin qeydə alınması üçün tələb olunan ən azı 40 min seçici imzasını toplayaq, namizədliyim qeydə alındıqdan sonra isə seçki kampaniyasında iştirak edək. Namizədliyimi geri götürmək məsələsinə kampaniyanın növbəti mərhələlərində yenidən qayıdılması istisna deyil", - deyə o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]