Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir R. Novruzov/ ABŞ -ın vitse-prezidenti Riçard Çeyninin Azərbaycana qarşıdakı səfəri ABŞ -Azərbaycan əməkdaşlığının vacibliyini göstərir. Bu barədə çərşənbə axşamı jurnalistlərə ABŞ -ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.
ABŞ vitse-prezidentinin regiona səfəri sentyabrın 2-də gözlənilir.
"Azərbaycan ABŞ üçün olduqca qiymətli strateji tərəfdaşdır və biz Azərbaycanın ABŞ -a etibarını möhkəmləndirməliyik", - deyə Dersi bildirib.
Səfirin sözlərinə görə, Çeyninin səfəri ABŞ və Azərbaycan arasında qarşılıqlı əlaqələrin iqtisadi və energetik aspektlərini qeyd etməlidir.
Çeyninin regiona səfəri sentyabrın 2-də başlayacaq xaricə turne çərçivəsində planlaşdırılıb. Səfər çərçivəsində o, Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya baş çəkəcək.
"Röyter" agentliyi xəbər verir ki, ABŞ vitse-prezidentnin Gürcüstana səfəri Cənubi Osetiya ətrafındakı vəziyyət çərçivəsində Vaşinqtonun Tbilisiyə dəstəyinin nümayişinə yönəlib.
Riçard Çeyni 1941-ci il yanvarın 30-da Nebraska ştatının Linkol şəhərində dünyaya gəlib. 2000 -ci ildə kiçik Corc Buşun administrasiyasında vitse-prezident təyin olunub. Əvvəlcədən vitse-prezidentin regiona səfəri daha erkən müddətə planlaşdırılmışdı, lakin Gürcüstandakı vəziyyətlə əlaqədar , onun turnesi təxirə salınmışdı.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend