Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir R.Ergün/ Pekin Olimpiadasının qızıl mükafatçısı, cüdoçu Elnur Məmmədli hesab edir ki, bundan sonra iştirak edəcəyi yarışlarda daha da məsuliyyətli olmağa məcburdur.
"Artıq bundan sonra bütün yarışlarda Olimpiya çempionu kimi iştirak edəcəyəm. Arxayınlaşmaq olmaz. Cüdo elə idman növüdür ki, hər an yıxılmaq olar. İkiqat Olimpiya çempionu adını qazanmaq üçün məşqlərə çox ciddi yanaşmaq lazımdır" - çərşənbə axşamı Trend -a Məmmədli deyib.
Məmmədli Pekində keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq, Olimpiya çempionu adını qazanıb. Azərbaycanlı idmançı Olimpiadada 73 kq çəki dərəcəsində mübarizə aparıb. Məmmədlinin qazandığı qızıl medal həm də Pekində Azərbaycanın hesabına yazılan ilk medal olub.
2004 - cü ildə Afina Olimpiadasının qalibi olmuş güləşçi Fərid Mansurovun Pekində uğur qazana bilməməsinə münasibət bildirən Məmmədli deyib ki, idmanda bu normal haldır.
"İdmanda heç kəsə görə proqnoz vermək olmaz. Bəzən elə olur ki, Olimpiya çempionları heç kimin gözləmədiyi halda, uğursuz çıxış edir. Bunun əksinə olaraq, heç kimin tanımadığı idmançı gəlib Olimpiya çempionu olur", - deyə Məmmədli əlavə edib.
Azərbaycanlı cüdoçu Olimpiadanın qalibi olanadək iki dəfə Avropa çempionu olub, dünya çempionatının bir gümüş medalını qazanıb.
Məmmədli deyib ki, Pekinə yola düşməzdən əvvəl qızıl medalla qayıdacağına söz verib: "Bu Olimpiadayadək Azərbaycan əvvəlki Olimpiadaların heç birində cüdoda ciddi uğur qazana bilməmişdi. Pekinə getməmişdən əvvəl Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərova qızıl medalla qayıdacağıma söz vermişdim".
Azərbaycan Pekin Olimpiadasında yeddi medal qazanıb. Bunlardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc medaldır.
Məmmədli qeyd edib ki, 2012 - ci ildə Londonda keçiriləcək Olimpiadada digər azərbaycanlı idmançılar da qızıl medal qazanmaq üçün məşqlərdə çox çalışmalıdırlar: "Olimpiya çempionu olmaq istəyən gənclərə məsləhətim budur ki, ilk növbədə, məşqlərə ciddi yanaşsınlar. Belə olarsa, 2012 - ci ildə keçiriləcək Olimpiadada daha çox sayda medalımız olar".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]