...

Cənubi Qafqazda sabitliyin qorunması üçün münaqişələrin həllinə nail olmaq lazımdır -Qoran Lenmarker

Siyasət Materials 1 Sentyabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının (ATƏT PA) Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Azərbaycan parlamentində görüşlərində Cənubi Qafqazda yaranmış vəziyyət müzakirə edilib.

"ATƏT Parlament Assmableyasının nümayəndəsi ilə görüşdə bölgədə olan ümumi problemlər, mövcud vəziyyət və bununla bağlı olan məsələləri müzakirə etdi k", bazar ertəsi Trend -a Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Trend -un arayış: ATƏT Parlament Asssambleyasının keçmiş prezidenti, qurumun Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker bazar ertəsi Azərbaycana səfərə gəlib. Lenmarkerin səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi nəzərdə tutulub.

ATƏT PA-nın nümayəndəsi Gürcüstan və Ermənistana da səfər edəcək.

Lenmarkerin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüşündə iştirak edən Asim Mollazadə Trend -a deyib ki, ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqazda mövcud olan münaqişələr və onların həlli ilə bağlı komissiyanın mövqeyini öyrənmək istəyirdi.

"Komissiya üzvləri onun diqqətinə çatdırdı ki, Cənubi Qafqaz bölgəsində ATƏT-in təməl prinsipləri və sənədləri kobud şəkildə pozulur və ölkələrin ərazi bütövlüyü tanınmır. Gürcüstanda baş verən son hadisələr beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu münaqişələrə cəlb etməlidir", - Mollazadə bildirib.

Deputat qeyd edib ki, parlament komissiyası ATƏT PA-dan beynəlxalq hüquq normalarına dəstək verməsini və bütün münaqişələrə münasibətin bu prinsiplər əsasında formalaşdırılması məsələsində dəstək göstərməsini istəyib.

"Lenmarkerin nəzərinə çatdırdıq ki, bölgədə sabitliyi qorumaq və daimi inkişafı təmin etmək üçün ilk növbədə münaqişələrin həllinə nail olmaq lazımdır və bu, beynəlxalq hüquq normaları və ATƏT-in təməl prinsipləri əsasında olmalıdır", - komissiya üzvü əlavə edib.

ATƏT PA-nın xüsusi nümayəndəsi Lenmarker isə deyib ki, Azərbaycan Cənubi Qafqazın əsas strateji bölgəsində yerləşir və sabitliyin qorunması üçün münaqişələrin həllinə çalışmaq və bunu beynəlxalq hüquq normaları əsasında etmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti