Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir İ.Əlizadə/ ATƏT-in Bakı ofisi çərşənbə günü mətbuat nümayəndələri üçün hazırlanmış xüsusi gödəkçələrin təqdimatını keçirib.
"İctimai tədbirlər zamanı, xüsusilə seçkiqabağı təbliğat dövründə jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması çox vacibdir", - tədbirdə çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bildirib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası prezidentliyə 20 iddialının namizədliyini təsdiqləyib. Onlardan ikisinin namizədliyi rəsmən qeydə alınıb.
Gödəkçələr ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsinin sponsorluğu ilə hazırlanıb.
Onun sözlərinə görə, bu gödəkçələr ictimai tədbirlər və nümayişlər zamanı jurnalistlərin fərqlənməsinə yardımçı olacaq. "Bu gödəkçələr media mənsublarının təhlükəsizliyinə öz töhfəsini verəcək", - deyə tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Herrero bildirib.
Tədbirdə ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti müraciətində bildirib ki, polis icazə verilməmiş aksiyalar daxil olmaqla, bütün növ nümayişlərin işıqlandırılmasında mətbuat nümayəndələrinə kömək etməlidir.
"Digər tərəfdən, jurnalistlər də özlərini zahirən fərqləndirməklə polisə yardımçı olmalıdırlar. Mətbuat üçün hazırlanmış gödəkçələr bunu etməyə kömək edəcək", - deyə Haraşti müraciətində qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]