Əfqanıstan, Kabil, 17 sentyabr / Trend A.Həkimi / Əfqanıstanın Kabil şəhərində varlı şəxslərin oğurlanması ilə məşğul olan peşəkar cinayətkar dəstə zərərsizləşdirilib. Dəstənin həbs olunmuş üzvləri istintaq zamanı etiraf ediblər ki, xarici ölkə banklarında valyuta hesablarına və şəxsi evlərə malikdirlər.
Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, cinayətkar dəstə üzvlərinin xarici banklardakı hesablarına dair dəqiq məlumatlar yoxdur. Lakin dəstə üzvlərinin daha çox olduğu bəzi Avropa ölkələri və Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları ilə bu məsələnin dəqiqləşdirilməsi üçün ilkin əlaqələr qurulub.
Əfqanıstanın Milli Təhlükəsizlik İdaəsinin sözçüsü Səid Ənsari keçirdiyi mətbuat konfransında bildirib ki, dəstənin son cinayətkar əməlinin qurbanı bir ailənin 7 üzvü olub. Onların yaxınlarından 200 min dollar pul tələb olunub.
Ənsarinin verdiyi məlumata görə, qrupa Xudaydad adlı şəxs başçılıq edir. Qrupun 3 üzvü - Əbdülvari, Bəbrək və Zəki adlı şəxslər sentyabrın 10-da Kabil şəhərinin 11-ci məhəlləsində polislər tərəfindən saxlanılıb.
O əlavə edib ki, ilkin araşdırmalar dəstənin törətdiyi cinayətlərin sayının daha çox olduğunu göstərir.
Milli Təhlükəsizlik İdaəsinin sözçüsünün sözlərinə görə, ötən 6 ay ərzində adam oğurluğu ilə məşğul olan 43 cinayətkar həbs edilib, 10 cinaytəkar dəstə isə tamamilə dağıdılıb. Keçirilən əməliyyatlar zamanı 14 oğurlanmış şəxs azad edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]