...

Obamanın erməni və kürd lobbisi ilə yaxınlığı ABŞ -Türkiyə münasibətlərini poza bilər

Siyasət Materials 7 Noyabr 2008 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir B. Həsənov/ Barak Obamanın seçki kampaniyasında nümayiş etdirdiyi ermənipərəst mövqeyi və kürdlərə yaxınlığı prezidentliyi müddətində onun siyasi qərarlarına təsir göstərərsə, ABŞ -Türkiyə münasibətlərində ciddi problemlər yarana bilər.

"Obamanın hakimiyyətdə olduğu dövrdə ABŞ -ın xarici siyasəti ilə Türkiyənin xarici siyasəti arasında ciddi ziddiyyət yarana bilər", -deyə tanınmış Türkiyəli ekspert Hüsnü Məhlli cümə axşamı İstanbuldan telefonla Trend - a bildirib.

Türkiyə prezidenti Abdullah Gül ABŞ -ın yeni seçilmiş prezidenti Barak Obamaya təbrik məktubu göndərib. Gül təbrik məktubunda ABŞ -Türkiyə münasibətlərinin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Bu haqda CNNTURK çərşənbə günü məlumat verib.

Türkiyə -ABŞ əlaqələri, əsasən, II dunya muharibəsindən sonra yaranıb. Soyuq müharibə illərindəTürkiyə Sovet İttifaqının ve sosializm blokunun Qərbə yayılmasına qarşı ABŞ -ın ən onəmli muttəfiqlərindən biri oldu. Bu cərcivədə ABŞ soyuq müharibə illərində Turkiyəyə iqtisadi və hərbi yardimlar etdi. Turkiyə isə, bunun əvəzində 1950 -1953 - cü illərdə Silahlı Qüvvələri ilə Qərb blokunun tərkibində Koreya müharibəsində iştirak etdi. Türkiyə 1952 -ci ildə Amerikanın başçılıq etdiyi Qərb blokunun hərbi qanadı olan NATO -ya daxil oldu. 1954 - cü ildə ABŞ - a Türkiyə ərazisində "İncirlik" hərbi bazasını qurmağa icazə verdi. Bu baza soyuq müharibədə,1 - ci korfəz müharibəsi və İraq müharibəsində önəmli rol oynadı.

1980 -1990 - cı illər arasında Türkiyə - ABŞ əlaqələri yüksələn xətlə inkişaf etdi və 1991- ci ildə 1-ci körfəz müharibəsində Türkiyə ABŞ - a güclü dəstək verdi. Lakin bu illərdə gündəmə gələn qondarma erməni soyqırımı məsələsi ABŞ -Türkiyə münasibətlərində zaman-zaman müəyyən siyasi gərginliklər yaranmasına səbəb oldu. 2003 - cü ildə İraqa hərbi müdaxilə etmək üçün Turkiyə ərazisindən istifadə etmək istəyən ABŞ -ın Türkiyədən rədd cavabı alması iki olkə arasinda siyasi əlaqələrin ciddi şəkildə gərginləşməsinə səbəb oldu. Lakin 2007-ci ildən etibarən, Türkiyə -ABŞ əlaqələrinin yenidən yaxşılaşması müşahidə olunur. Türkiyə ilə ABŞ arasındakı əlaqələrdə PKK məsələsi və qondarma erməni soyqırımı məsələsi ən həssas mövzular hesab olunur.

Yeni seçilmiş ABŞ prezidenti Barak Obamanın seçki kampaniyasında ifadə etdiyi bəzi fikirlər Türkiyədə narahatlıq doğurur. Xüsusilə, Obamanın erməni soyqrırımı məsələsinə ermənipərəst mövqedən yanaşması Türkiyədə təşvişə səbəb olub. Məhəllinin fikrincə, narahatlığa kifayət qədər əsas var. "Obama seçki kampanyasında erməni soyqırımını tanıyacağını və Konqresdə bu məsələ ilə bağlı fəalıyyət başladacağına yazılı şəkildə söz verib", - deyə Məhəlli bildirib. Ekspert təkcə soyqırım məsələsində deyil, kürd məsələsində də Obamanın siyasi mövqeyinin Türkiyə ilə uyğun gəlməyəcəyini deyib. Məhəlli bunu Obamanın ətrafındakı kadrlarla əlaqələndirir. "Obamanın özünə köməkçi seçdiyi Coy Baydenin (Joe Biden) erməni lobbisi ilə yaxın münasibətləri , kürdlərə böyük rəğbəti var. Baydenin mövqeyi gələcəkdə ABŞ -Türkiyə münasibətlərində problemlər yarada bilər",-Məhəlli əlavə edib.

Strateji Araşdırmalar Mərkəzinin ABŞ üzrə eksperti Şanlı Bahadır Koçda Obamanın erməni və kürd məsələsi ilə bağlı siyasi mövqeyinin iki ölkə arasında siyasi gərginliklər yarada biləcəyini hesab edir. Ekspertin fikrincə, ən çox narahatlıq doğuran məsələ Obamanın qondarma soyqırım məsələsində mövqeyidir. Ekspert hesab edir ki, kürd məsələsində də Obamanın mövqeyi ilə bağlı narahatlıq doğuran bəzi məqamlar var. Koçun fikrincə, Obama, söz verdiyi kimi, Amerika qoşunlarını qısa müddətdə İraqdan çıxarsa, Türkiyənin Şimali İraqa müdaxiləsinə mane olmaq üçün, bu ölkədən İraqdakı kürd administrasiyasını tanımağı və yaxşı münasibətlər qurmağı tələb edəcək. Ekspertin fikrincə, qondarma soyqırım və kürd məsələsi nəzərə alınmasa, Obama hökumətinin xarici siyasəti ilə Türkiyənin xarici siyasətində üst -üstə düşən məqamlar çoxdur. "Obamanın Yaxın Şərqdəki və İrandakı problemləri dialoq yolu ilə həll etmək səyləri Türiyənin siyasi mövqeyi ilə tam üst-üstə düşür", - deyə Koç cümə axşamı Ankaradan telefonla Trend - a bildirib.

Avropalı ekspert Svante Kornel (Svante Cornell) belə hesab edir ki, Obamanın xarici siyasətinin istiqaməti onun seçəcəyi kadrlardan asılı olacaq. "Obamanın xarici siyasəti haqqında daha dəqiq təhlil vermək ancaq onun təyin edəcəyi nazirlər bəlli olduqdan sonra mümkündür", - deyə Kornel cümə axşamı Stokholmdan telefonla Trend - a bildirib. O vurğulayıb ki, ABŞ - da prezidentliyə namizədlər seçki kompaniyasında həmişə belə bəyanatlar verirlər. Lakin vəzifəyə başladıqdan sonra reallıqlara görə hərəkət edirlər.

Noyabrın 4 - də ABŞ prezidenti seçilmiş Barak Obama yeni vəzifəsinin icrasına 2009- cu il yanvarın 20 - də başlayacaq.

Xəbər lenti

Xəbər lenti