...

STUDIYADA: kubalı diplomat Azərbaycanla strateji tərəfdaşlıq haqqında (video)

Siyasət Materials 14 Noyabr 2008 12:08 (UTC +04:00)
STUDIYADA: kubalı diplomat Azərbaycanla strateji tərəfdaşlıq haqqında (video)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Novruzov/ Trend -un Kuba Xarici İşlər Nazirliyinin Avropa ilə Əlaqələr Departamentinin direktoru Santyaqo Perez Benitezlə (Santiago Perez Benitez) müsahibəsi

    - Kuba və Azərbaycan arasında münasibətlərin gələcək inkişafını necə görürsünüz? İqtisadi və siyasi planda bizim münasibətlərimizdə perspektivlər necədir?

- Münasibətlərimizdə ciddi perspektivlərin olduğunu düşünürəm. Lakin gələcək barədə danışmazdan əvvəl, keçmiş haqqında danışmaq istərdim. Bizim münasibətlərimizin çox möhkəm bünövrəsi var, xeyli kubalı Azərbaycanda təhsil alıb və bizdə xeyli azərbaycanlı mütəxəssis çalışır.  Bütün bunlar xalqlarımız arasında qarşılıqlı rəğbət yaradıb. 2006 - cı ilin sentyabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubaya səfər edib və düşünürəm ki, bu məqamdan başlayaraq, Kuba və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı başlayıb. Kuba və Azərbaycanın səfirliklərinin açılması münasibətlərimizin inkişafına impuls kimi xidmət edib.

Mənim səfərimə gəldikdə, bu, nazirlikdaxili məsləhətləşmələrin bir hissəsidir. Biz iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasını keçirməyi planlaşdırırıq və mənim səfərim iclasa hazırlıqla bağlıdır. Birinci iclas ötən il Havanada keçirilib və bununla da birgə sessiyalar mexanizminin başlanğıcı qoyulub. Biz turizm sahəsinə iqtisadi əməkdaşlığın müxtəlif imkanlarını müzakirə etmək istəyirik. Yeri gəlmişkən, Azərbaycanın mədəniyyət və turizm naziri Kubaya səfər etməyi planlaşdırır. Biz turizm sahəsində təcrübə mübadiləsində və Azərbaycanın çox sürətlə inkişaf edən Kuba sənayesinə sərmayə yatırmasında  də maraqlıyıq. Kuba energetika sahəsində əməkdaşlıqda maraqlıdır və yeri gəlmişkən, deməliyəm ki, neft - qaz sahəsində çalışan kubalı mütəxəssislərin 70% - i Azərbaycanda hazırlanıb. Biz yüksək texnologiyalar sahəsində əməkdaşlıqda maraqlıyıq.

- Bakıda hansı görüşlər keçirilib?

- Mənim beynəlxalq məsələlərə baxışların mübadiləsi və ikitərəfli qarşılıqlı əlaqələrin yaxşılaşdırılması üçün Azərbaycan XİN - də danışıqlarım olub. Biz mövcud mexanizmlərə çox böyük əhəmiyyət veririk. Biz Azərbaycanla epizodik deyil, uzunmüddətli, strateji əhəmiyyət daşıyan münasibətlərimizin olmasını istərdik.

       - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və eləcə də Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində rəsmi Havananın mövqeyi necədir?

- Bizim rəsmi mövqeyimiz dəyişməz qalır və biz daim bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Kuba Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir. Dünya ictimaiyyətinin böyük bir hissəsi kimi, Kuba da münaqişənin dinc yolla həllinə ümid edir.

     - Kuba BMT - də ABŞ - ın embarqosunun tamamilə götürülməsi məsələsində Azərbaycanın dəstəyini almaq üçün hansı işi aparır?

- Biz göstərdiyi dəstəyə görə Azərbaycana çox minnətdarıq. Bütün bu illər ərzində 17 dəfə ABŞ-   ın Kubaya tətbiq etdiyi embarqonun ləğvi haqqında Qətnamə təqdim etmişik. Biz dünyanın 185 ölkəsinin, o cümlədən də Azərbaycanın dəstəyini almışıq. Bu ölkələr Kubanı ona görə dəstəkləyirdilər ki, bu, yalnız Kuba və ABŞ arasında ikitərəfli münasibətlərin problemi olmayıb, həm də beynəlxalq problemdir. Belə ki, ABŞ hökuməti bizim ixracımıza və tərəfdaşlarımız arasında daşınmalara təsir edərək, Kubaya çox güclü təzyiq göstərir. O, bizim tərəfdaşlarımıza da təzyiq göstərək, onları Kuba ilə hər hansı ticarət münasibətlərinə daxil olmamağa razı salmağa çalışır. ABŞ bu embarqo ilə Kubanı təcrid etməyə cəhd göstərib. 185 ölkə Kubanı dəstəkləyib. Dünyada isə, cəmi 192 ölkə var. Bu,  ABŞ - a işarədir ki, artıq dəyişmək vaxtıdır. Axı, Kuba ABŞ - ın təzyiqinə dözməyə çalışan kiçik ölkədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti