...

Azərbaycan AŞPA Müşahidə Missiyasının prezident seçkisi ilə bağlı hazırladığı yekun məruzədən narazıdır

Siyasət Materials 27 Noyabr 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkilərini Müşahidə Missiyasının hazırladığı yekun məruzənin ilkin variantında qeyd olunan bir sıra məqamlara etiraz edir.

"Məruzənin bəzi məqamları bizi heç bir halda qane edə bilməz və Azərbaycan tərəfi həmin fikirlərlə razılaşmır", -bu barədə cümə axşamı Madriddən Trend -a telefonla AŞ PA -nın vitse-prezidenti, Azərbaycanın qurumdakı daimi numayəndə heyətinin rəhbəri  Səməd Seyidov bildirib.

Trend - un arayışı: Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Seçkinin nəticələrinə əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 88,73 faiz səs toplayaraq prezident seçilib.

İqbal Ağazadə 2, 86 faiz, Fazil Qəzənfəroğlu 2,4 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb.

AŞPA - nın yanvarın ikinci ongünlüyündə Strasburqda keçiriləcək qış sessiyasında Azərbaycanda prezident seçkisinin nəticələri müzakirə olunacaq. Bu gün və sabah Madriddə AŞPA -nın Bürosu və Daimi Komitəsinin iclasları keçiriləcək.

İclaslarda Azərbaycanda prezident seçkisinin nəticələri, Gürcüstan Rusiya münaqişəsi, Avropa şəhərlərində sosial narazılıqlar, miqrasiya problemi, gender bərabərliyi və digər mövzular müzakirə olunacaq.

Seyidovun sözlərinə görə, yekun məruzə tam açıqlanmayıb.

"Yekun məruzənin ilkin variantı açıqlanıb. Ona görə də, məsələ ilə bağlı indi geniş fikir söyləmək tezdir. Ancaq Azərbaycan nümayəndə heytinin məruzə ilə bağlı xüsusi mövqeyi var. Bunu da yanvar sessiyasında açıqlayacağıq", -deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Seyidov Azərbaycanın məruzədə qeyd olunan hansı məqamlara etiraz etdiyini açıqlamaqdan imtina edib.

O bildirib ki, məruzədə reallığı əks etdirən məqamlar da var: "Prezident seçkisinin nəticələri bu gün Büroda və sabah Daimi Komitənin iclasında müzakirəyə sıxarılacaq. Gündəlikdə duran digər məsələlər -- Gürcüstan - Rusiya müharibəsi, dünya maliyyə böhranı da ciddi müzakirə olunacaq", - Seyidov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti